Rusiya XİN rəhbəri Qərbin mədəniyyət və incəsənətini tənqid edib
Rusiya xarici işlər naziri Sergey Lavrov Qərb ölkələrində müşahidə olunan ictimai və mədəni dəyişiklikləri tənqid edərək, burada yayılan bəzi dəyərləri “satanist” adlandırıb. O, bu tendensiyaların insanların həyat tərzinə, uşaqların tərbiyəsinə və gələcək nəsillərin dünyagörüşünə təsir etdiyini iddia edib.
Crossmedia.az xəbər verir ki, Lavrov bu fikirləri Moskva və Bütün Rusiyanın Patriarxı Kirillin 80 illik yubileyi münasibətilə “Spas” telekanalına verdiyi müsahibədə səsləndirib.
Nazirin sözlərinə görə, Qərb öz tarixi və mənəvi köklərindən uzaqlaşır. O, bu prosesin həyatın müxtəlif sahələrində, o cümlədən mədəniyyət, incəsənət və ədəbiyyatda özünü göstərdiyini bildirib.
Lavrov qeyd edib ki, Qərb ölkələrində yaşayan bəzi insanlar mövcud ictimai dəyərlər sistemini qəbul etmir və övladlarını belə bir mühitdə böyütmək istəmirlər.
“Qərbin öz köklərindən uzaqlaşması, həyat, mədəniyyət, incəsənət və ədəbiyyatda satanist dəyərlərin yayılması müxtəlif ölkələrdə, o cümlədən Qərbin özündə yaşayan normal və sağlam düşüncəli insanlara həyatlarını nəyə həsr etmək və uşaqlarını necə böyütmək istəmədiklərini göstərir”, – deyə Lavrov deyib.
Rusiya XİN rəhbəri daha əvvəl də Qərb cəmiyyətinin mənəvi dəyərləri ilə bağlı oxşar fikirlər səsləndirib. O, Qərbin yalnız şeytana inandığını ehtimal etdiyini bildirmişdi.
Qeyd edək ki, Lavrovun açıqlamaları Rusiya ilə Qərb arasında siyasi və ideoloji fikir ayrılıqlarının fonunda səsləndirilib. Nazir müsahibəsində Qərb cəmiyyətindəki mədəni və mənəvi dəyişikliklərə münasibətini ifadə edib.
23:49 19.11.2026
Oxunuş sayı: 61