Braziliyada altıgünlük iş həftəsi ləğv edilib — Bundan sonra...
Braziliyada əmək münasibətləri sahəsində mühüm dəyişiklik həyata keçirilir. Ölkə hökuməti altıgünlük iş həftəsinin ləğv edilməsi və işçilər üçün həftədə iki istirahət gününün tətbiqini nəzərdə tutan qərar dərc edib. İslahat çərçivəsində həftəlik iş saatlarının mərhələli şəkildə azaldılması planlaşdırılır.
Crossmedia.az xəbər verir ki, bu barədə “Gazeta.ru” məlumat yayıb.
Braziliya hökumətinin noyabrın 19-da sosial şəbəkə hesabında yaydığı məlumata görə, yeni qərar altıgünlük iş həftəsindən imtinanı və iki günlük istirahət sisteminə keçidi tənzimləyir.
Yeni qaydalar həmkarlar ittifaqları, parlament üzvləri və ictimaiyyətin dəstəklədiyi genişmiqyaslı kampaniyanın nəticəsi olaraq qəbul edilib. İslahatın əsas məqsədi işçilərin istirahət imkanlarını genişləndirmək və həftəlik iş yükünü azaltmaqdır.
Dəyişikliklər mərhələli şəkildə həyata keçiriləcək. Belə ki, dekabrın 6-dan etibarən həftəlik iş saatları 44-dən 42-yə endiriləcək. 2027-ci ilin dekabrına qədər isə bu göstəricinin 40 saata çatdırılması nəzərdə tutulur.
Braziliyanın əmək naziri Luis Marinyo islahatın işçilərin əməkhaqqına mənfi təsir göstərməyəcəyini xüsusi olaraq vurğulayıb. Onun sözlərinə görə, iş saatlarının azaldılması maaşların aşağı salınmasına və mövcud əlavə ödənişlərin ixtisarına səbəb olmayacaq.
Qeyd olunur ki, bu qərar Braziliyanı Latın Amerikası ölkələri arasında fərqləndirən addımlardan biridir. Belə ki, regionun bir sıra dövlətlərində həftəlik iş vaxtı hələ də 48 saat təşkil edir. Hazırda 40 saatlıq iş həftəsi Ekvador, Venesuela və Uruqvayda tətbiq olunur.
Xatırladaq ki, iş vaxtının azaldılması və işçilərin istirahət hüquqlarının genişləndirilməsi son illərdə dünyanın müxtəlif ölkələrində müzakirə olunan əmək islahatları arasındadır. Braziliyanın yeni qərarı da bu istiqamətdə atılan mühüm addımlardan biri kimi qiymətləndirilir.
23:41 19.11.2026
Oxunuş sayı: 63