Fransa ordusunun Ukraynadakı gizli missiyası gündəmə gəlib
Fransalı senator hökumətdən ölkə hərbçilərinin Ukraynada gizli missiya çərçivəsində fəaliyyət göstərməsinin hüquqi əsaslarını açıqlamağı tələb edib.
Crossmedia.az xəbər verir ki, bu barədə “Gazeta.ru” nəşri məlumat yayıb.
Fransanın “Respublikaçılar” partiyasından olan senator Alen Üper hökumətdən “İradə” (Volya) adlı gizli missiyanın mövcudluğunu təsdiqləməyi və ya təkzib etməyi istəyib.
Məlumata görə, Radio France Internationale noyabrın 16-da fransalı hərbçilərin ötən yaydan etibarən Ukraynada fəaliyyət göstərdiyini açıqlayıb. Missiyaya fransalı general rəhbərlik edir. Onun əsas vəzifələri Ukrayna hərbçilərinin təlimi və Fransanın Kiyevə verdiyi hərbi texnikaya, o cümlədən “Caesar” özüyeriyən artilleriya qurğularına və “Mirage 2000” qırıcılarına texniki xidmət göstərməkdir.
Senator müdafiə naziri yanında müvafiq sorğu göndərərək missiyanın hüquqi çərçivəsi, fəaliyyətə başlama tarixi və cəlb olunan hərbçilərin sayı barədə məlumat tələb edib. O, həmçinin parlamentin bu barədə niyə məlumatlandırılmadığını sorğulayıb.
Qeyd edək ki, Fransa Konstitusiyasının 35-ci maddəsinə əsasən, hökumət xaricdə hərbi qüvvələrdən istifadə qərarı barədə parlamenti müdaxilənin başlanmasından ən geci üç gün sonra məlumatlandırmalıdır. Əməliyyat dörd aydan çox davam edərsə, onun uzadılması parlamentin təsdiqini tələb edir.
Fransanın müdafiə nazirinin müavini Alis Rüfo isə noyabrın 17-də ölkə hərbçilərinin Ukraynada yalnız texniki xidmət və hərbi təlimlə məşğul olduğunu, döyüş əməliyyatlarında iştirak etmədiyini bildirib.
22:11 19.11.2026
Oxunuş sayı: 44