Konserv, su, generator: Amerikalılar və avropalılar niyə ehtiyat toplayır?
ABŞ və Avropa ölkələrində artan təhlükəsizlik narahatlıqları və mümkün qlobal böhran ssenariləri vətəndaşları fövqəladə vəziyyətlərə hazırlaşmağa sövq edib. Əhali ərzaq, içməli su, generator və digər zəruri ləvazimatları ehtiyatda saxlamağa başlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “Axios” nəşri məlumat yayıb.
Məlumata görə, fövqəladə vəziyyətlər üçün avadanlıq satan “Survival Frog” şirkətinin satışları oktyabrın 27-dən noyabrın 16-dək əvvəlki həftələrlə müqayisədə 450 faiz artıb.
Şirkətin təsisçisi Bayron Uoker bildirib ki, son dövrdə alış-veriş edənlərin əhəmiyyətli hissəsini yeni müştərilər təşkil edir. Ən çox tələb olunan məhsullar arasında konservləşdirilmiş qidalar, uzun müddət saxlanıla bilən ərzaqlar, rabitə vasitələri, günəş enerjisi ilə işləyən generatorlar, batareyalar və su filtrləri yer alır.
Texnoloji nasazlıqlar və kiberhücum narahatlığı
Son həftələr nəqliyyat, rabitə, ticarət və səhiyyə sahələrində qeydə alınan texniki problemlər insanların rəqəmsal sistemlərdən asılılığı ilə bağlı narahatlıqlarını artırıb.
Elektrik enerjisinin kəsilməsi, kiberhücumlar, müharibə ehtimalı və təchizat zəncirlərində yaranan problemlər mümkün böhranlara hazırlığı aktuallaşdırıb.
Qrinviç Universitetinin tədqiqatçısı Maykl Mills hesab edir ki, ictimai etimadın zəifləməsi insanları daha genişmiqyaslı fövqəladə vəziyyət ssenarilərinə hazırlaşmağa sövq edir.
Avropada da ehtiyat toplamaq tövsiyə olunur
Məqalədə bildirilib ki, Böyük Britaniya və Avropa İttifaqı vətəndaşlara ən azı üç günlük əsas ehtiyaclarını qarşılayacaq ehtiyat saxlamağı tövsiyə edir.
ABŞ-də isə Pentaqonun mülki infrastrukturun fəaliyyətini dayandırması ehtimalına qarşı hərbi obyektlərin ən azı 90 gün işlək vəziyyətdə qalmasını nəzərdə tutan plan üzərində çalışdığı bildirilir.
ABŞ vitse-prezidentindən açıqlama
ABŞ-nin vitse-prezidenti Cey Di Vens “Fox News” telekanalına müsahibəsində ətrafındakı insanların sığınacaq tikmək, ərzaq və su ehtiyatı toplamaq barədə ona suallar verdiyini bildirib.
Vens yaxın gələcəkdə ciddi böhran gözləmədiyini və belə hazırlıqlara ehtiyac olmadığını düşündüyünü deyib.
Bununla belə, fövqəladə vəziyyətlərə hazırlıqla bağlı müzakirələr ABŞ və Avropada davam edir.
23:21 19.11.2026
Oxunuş sayı: 79