Azərbaycanda dövlət müəssisələrinin xeyli hissəsinin rentabellik səviyyəsi aşağıdır- Natiq Cəfərli
Dövlət müəssisələrinin maliyyə dayanıqlığının təmin edilməsi, idarəetmədə şəffaflığın və səmərəliliyin artırılması, büdcə vəsaitlərindən daha düzgün istifadə olunması iqtisadi inkişaf baxımından mühüm əhəmiyyət daşıyır. Xüsusilə dövlət büdcəsindən asılılığın azaldılması, müəssisələrin gəlirlilik səviyyəsinin yüksəldilməsi və maliyyə öhdəliklərinin düzgün idarə olunması bu sahədə yeni yanaşmaların tətbiqini zəruri edir.
Milli Məclisin son iclasında da bu istiqamətdə bir sıra təkliflər səsləndirilib. Belə ki, dövlət müəssisələrinin maliyyə dayanıqlığı, borc yükü, rentabelliyi və büdcədən asılılıq səviyyəsi üzrə vahid qiymətləndirmə sisteminin formalaşdırılması təklif olunub. Eyni zamanda, dividend siyasətinin tətbiqi zamanı müəssisələrin investisiya ehtiyaclarının və sosial funksiyalarının nəzərə alınmasının vacibliyi vurğulanıb. Xüsusilə səhiyyə, təhsil və digər sosial xidmət sahələrində maliyyə qənaətinin xidmət keyfiyyətinin aşağı düşməsi hesabına əldə edilməməsi diqqətə çatdırılıb.
Bu təkliflər dövlət müəssisələrinin fəaliyyətində maliyyə intizamının gücləndirilməsi, resurslardan səmərəli istifadə və uzunmüddətli inkişaf baxımından yeni imkanlar yarada bilər. Bununla yanaşı, vahid qiymətləndirmə sisteminin hansı meyarlar əsasında qurulacağı, dividend siyasətinin müəssisələrin inkişafına necə təsir edəcəyi və iqtisadi səmərəliliklə sosial məsuliyyət arasında tarazlığın necə qorunacağı müzakirə doğuran məsələlərdəndir.
Bəs irəli sürülən təkliflər praktikada nə dərəcədə effektiv ola bilər? Bu yanaşma dövlət müəssisələrinin maliyyə vəziyyətinin yaxşılaşdırılmasına və büdcədən asılılığının azalmasına real töhfə verə bilərmi? Mövzunun iqtisadi tərəflərini və mümkün nəticələrini müzakirə etmək üçün ekspertə müraciət etdik.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən Real Partiyasının sədri Natiq Cəfərli qeyd edib ki, Azərbaycanda dövlət müəssisələrinin əhəmiyyətli bir hissəsinin rentabellik səviyyəsi aşağıdır, hətta onların böyük əksəriyyəti fəaliyyətini zərərlə başa vurur: “Hesab edirəm ki, əgər nəzərdə tutulan qərarların tətbiqi nəticəsində həmin müəssisələrin rentabelliyi yüksələcək, maliyyə dayanıqlılığı təmin olunacaq və zərərlə işləmələrinin qarşısı alınacaqsa, bu, təbii ki, müsbət addım kimi qiymətləndirilməlidir. Lakin burada əsas diqqət yetirilməli məqam qərarların praktiki tətbiqi zamanı yarana biləcək problemlərdir. Çünki hər hansı islahatın effektivliyi yalnız onun qəbul edilməsi ilə deyil, real nəticələr verməsi ilə ölçülür. Bu baxımdan, ilk növbədə, dövlətin mülkiyyətində olan müəssisələrin indiyədək hansı səbəblərdən zərərlə işlədiyi ətraflı araşdırılmalıdır. Onların fəaliyyətindəki idarəetmə çatışmazlıqları, maliyyə problemləri və rentabelliyə mane olan digər amillər müəyyənləşdirilməlidir”.
Natiq Cəfərli qeyd edib ki, bu istiqamətdə ayrıca araşdırma və monitorinqin aparılmasına ciddi ehtiyac var: “Əvvəlcə mövcud problemlər üzə çıxarılmalı, daha sonra onların aradan qaldırılması üçün konkret mexanizmlər hazırlanmalıdır. Yalnız bu halda qəbul edilən qərarların dövlət müəssisələrinin fəaliyyətinə müsbət təsir göstərəcəyini və gözlənilən iqtisadi səmərənin əldə olunacağını söyləmək mümkündür”.
Ayhan
12:00 18.11.2026
Oxunuş sayı: 193