Aİ "Wildberries"in qurucusuna sanksiya tətbiq etməyə hazırlaşır
Avropa İttifaqı (Aİ) Rusiyanın ən varlı qadınlarından biri, "Wildberries" şirkətinin qurucusu Tatyana Kimi sanksiya siyahısına daxil etməyi planlaşdırır.
Crossmedia.az xəbər verir ki, "EUobserver" nəşri bu barədə məlumat yayıb.
Məlumata görə, Aİ ölkələrinin xarici işlər nazirləri noyabrın 16-da Brüsseldə keçirilən görüşdə Tatyana Kimə qarşı məhdudiyyətlərin tətbiqini müzakirə edəcəklər.
Yeni sanksiyalar çərçivəsində ümumilikdə 137 fiziki və hüquqi şəxsin, o cümlədən Rusiya banklarının və müxtəlif şirkətlərin qara siyahıya daxil edilməsi nəzərdə tutulur.
Tatyana Kimə qarşı təklif olunan məhdudiyyətlər onun Aİ ərazisindəki aktivlərinin dondurulmasını və ittifaq ölkələrinə girişinin qadağan edilməsini əhatə edir.
Aİ-nin hazırladığı sənəddə "Wildberries" şirkətinin Rusiya ordusuna hərbi və ikili təyinatlı məhsulların satışına şərait yaratdığı iddia olunur.
Qeyd edilir ki, yeni sanksiyalar ABŞ-nin Ukraynada müharibənin sülh yolu ilə nizamlanması istiqamətində diplomatik səylərini davam etdirdiyi dövrə təsadüf edir.
Hələlik sanksiyaların tətbiqi ilə bağlı yekun qərarın qəbul olunduğu təsdiqlənməyib.
13:46 16.11.2026
Oxunuş sayı: 153