Ukraynadan Rusiyaya qarşı yeni strategiya təklifi: Enerji zərbələri dayandırılsın
Ukrayna qışda enerji sisteminə qarşı mümkün genişmiqyaslı hücumlar təhlükəsindən Rusiyaya qarşı danışıqlarda təzyiq vasitəsi kimi istifadə edə bilər.
Crossmedia.az xəbər verir ki, “Foreign Affairs” jurnalında dərc olunan məqalədə Ağ Evin keçmiş müşaviri Erik Çiaramella bu barədə yazıb.
Müəllifin fikrincə, Rusiya qış aylarında raket və dronlarla Ukraynanın enerji infrastrukturunu, nəqliyyat sistemini və iqtisadiyyatını iflic etməyə hazırlaşır. O hesab edir ki, Kiyev enerji obyektlərinə qarşı qarşılıqlı hücumların dayandırılmasını danışıqlarda əsas şərtlərdən birinə çevirə bilər.
Çiaramella Qərbə Moskvanı seçim qarşısında qoymağı təklif edir: Rusiya Ukraynanın enerji infrastrukturuna hücumları dayandırır, Kiyev isə Rusiyanın dərinliklərində zərbələri genişləndirməkdən çəkinir.
Müəllifin fikrincə, Kreml bu təklifdən imtina edərsə, Ukrayna Silahlı Qüvvələrinin imkanları artırılmalıdır. Məqalədə Rusiyanın sərhədyanı ərazilərində Starlink sistemindən istifadə imkanlarının genişləndirilməsi və hərbi zavodlara zərbələr endirmək üçün Almaniyanın “Taurus” qanadlı raketlərinin Kiyevə verilməsi mümkün addımlar kimi göstərilir.
Bununla belə, Çiaramella vurğulayır ki, ilk növbədə Ukraynanın qışı keçirməsi üçün lazımi müdafiə və maliyyə dəstəyi təmin edilməlidir. Onun fikrincə, bunun üçün “Patriot” hava hücumundan müdafiə sistemləri üçün 300 ədəd PAC-3 raketi və Avropa İttifaqının 90 milyard avroluq kredit paketindən vəsaitin daha sürətlə ayrılması vacibdir.
Məqalənin əsas ideyası Rusiyanın Ukrayna şəhərlərinə hücumlarını davam etdirməsinin Kreml üçün daha yüksək siyasi və hərbi qiymətə başa gəlməsini təmin etməkdir.
19:05 14.10.2026
Oxunuş sayı: 53