Bu il payız elə keçəcək ki, keçən ilə şükür edəcəyik - Ekoloqdan açıqlama
Payız fəslinin gəlişi ilə havaların tədricən soyuması, yağışların artması və temperaturun aşağı düşməsi gözlənilir. Lakin bu il payızın mülayim keçməsi, bəzi günlərdə havanın mövsümə uyğun olmayan dərəcədə isti olması diqqət çəkir. Adətən payız aylarında müşahidə edilən sərin hava əvəzinə günəşli və isti günlərin davam etməsi insanlarda bir sıra suallar yaradır. Xüsusilə oktyabr ayında havaların hələ də isti keçməsi payız fəslinin əvvəlki illərlə müqayisədə nə dərəcədə fərqləndiyi məsələsini gündəmə gətirir.
Mövsümi dəyişikliklər təkcə gündəlik həyatımıza deyil, təbiətə, bitki örtüyünə və ekoloji tarazlığa da təsir göstərə bilər. Temperaturun normadan yüksək olması, yağıntıların qeyri-bərabər paylanması və hava şəraitində müşahidə olunan dəyişikliklər iqlimlə bağlı müzakirələri də aktuallaşdırır. Bəs havaların bu cür mülayim keçməsi normal mövsümi haldır, yoxsa iqlim dəyişikliklərinin təsiridir? Ümumiyyətlə, bu il payız fəslinin qalan hissəsində bizi hansı hava şəraiti gözləyir?

Ekoloq Qorxmaz İbrahimli Crossmedia.az-a açıqlamasında bildirib ki, bu il payızın əvvəlki illərlə müqayisədə daha isti keçməsi fikri düzgün deyil: “Bizim yerləşdiyimiz mülayim subtropik iqlim qurşağında payız həmişə bu cür olub. Yəni gözəl bir payız yaşayırıq: yağışlı, günəşli, mülayim isti hava hökm sürür və istilik payız fəslinə uyğun şəkildə davam edir.Ayrı-ayrı günlərdə havanın temperaturunun 25–26 dərəcəyə yüksəlməsi də normaldır. Axı, oktyabr ayıdır. Bu, yerləşdiyimiz iqlim qurşağının xarakterik xüsusiyyətlərindən biridir. Yağışların yağması, havanın soyuması və qarın yağması da təbii proseslərdir. Necə ki, dağlarımıza qar yağıb, bu, yüksək dağlıq ərazilər üçün normaldır. Əgər dağətəyi ərazilərimizə qar yağsaydı, bu, anormal hal hesab edilə bilərdi. Tədricən hava soyuyacaq, çünki qışa doğru gedirik. 1983-cü il dekabrın 22-də Bakıdan hərbi xidmətə yola düşmüşdüm. Bakını tərk etdiyimiz gün burada havanın temperaturu 18–20 dərəcə idi. Novosibirskə, Sibirə çatanda isə təyyarədən enən kimi şaxta ilə qarşılaşdıq və dəhşətə gəldik. Düşündük ki, bu isti hava ilə oradakı şaxtanın nə qədər böyük fərqi var! İqlim dəyişikliklərinin mövcudluğunu inkar etmirəm. İqlim dəyişiklikləri Yer kürəsi yarandığı gündən, milyon illərdir davam edir. Lakin son illərdə, xüsusilə XX və XXI əsrlərdə sənayeləşmə, müharibələr və texnologiyanın inkişafı ilə əlaqədar bu proseslər daha da sürətlənib. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, iqlim dəyişiklikləri təbiətdə hər zaman baş verən proseslərdir.Havanın bu gün isti keçməsinin təbiətə heç bir mənfi təsiri yoxdur. Dediyimiz kimi, əgər qışda havalar isti keçsə, məsələn, dekabr ayında ağaclar çiçək açsa, bu, anormal hal olardı. Belə bir vəziyyətdə iqlim dəyişikliklərinin təsirindən danışmaq mümkün olardı. Amma hazırda havanın temperaturu və ümumi hava şəraiti kifayət qədər normaldır' . Payız fəslində havaların mülayim keçməsi ayrı-ayrı illərdə müşahidə oluna bilər. Bununla belə, temperatur dəyişikliklərinin uzunmüddətli xarakteri, yağıntıların miqdarı və mövsümi hava şəraitindəki fərqlər iqlim proseslərinin qiymətləndirilməsi baxımından əhəmiyyətlidir. Bu səbəbdən payızın necə keçdiyini müəyyənləşdirmək üçün yalnız bir neçə isti və ya soyuq günə deyil, ümumi meteoroloji göstəricilərə əsaslanmaq vacibdir”.
Fəridə Yaşarqızı
19:00 14.10.2026
Oxunuş sayı: 58