İran səfiri: Azərbaycanla münasibətlərimiz inkişaf etməlidir
İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu Azərbaycanla İran arasında münasibətlərin inkişaf etdirilməsinin və iki ölkənin ortaq maraqları naminə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.
Crossmedia.az xəbər verir ki, səfir Azərbaycan və İran qonşu ölkələr olmaqla yanaşı, qohum xalqlardır və müxtəlif sahələrdə ortaq maraqlara malikdirlər deyə bildirib.
“Çalışmalıyıq ki, bütün imkanlardan istifadə edərək iki ölkənin və xalqın maraqlarını təmin edəcək şəkildə əməkdaşlıq edək”, – deyə Müctəba Dəmirçilu qeyd edib.
Diplomat “Sahar Azəri” kanalında Türkiyədə azərbaycanlı hicablılara dəstək məqsədilə aksiya keçirildiyi barədə yayılan məlumatla bağlı suala da münasibət bildirib.
O, hər hansı xəbər və hadisənin Azərbaycan-İran münasibətlərinə mənfi təsir göstərməməsinin vacibliyini qeyd edib. Səfir nümayəndə heyətləri ilə görüşlərdə iştirak etdiyindən sözügedən məlumatla tanış olmadığını bildirib.
“Dezinformasiya münasibətlərimizə mənfi təsir göstərməməlidir. Münasibətlərin sağlamlaşdırılmasına mane olan amilləri aradan qaldırmağa çalışmalıyıq. Qarşılıqlı maraqlarımız yalnız ikitərəfli anlaşma yolu ilə təmin oluna bilər”, – deyə diplomat vurğulayıb.(Oxu.az)
21:29 13.10.2026
Oxunuş sayı: 43