Ekspert: Azyaşlı uşaqların qanunazidd aksiyalarda iştirakı milli qanunvericiliyə tamamilə ziddir
Azərbaycanda məktəbli geyimi məsələsi yalnız şagirdlərin xarici görünüşü ilə bağlı deyil, həm də təhsil mühitində vahid qaydaların tətbiqi, sosial bərabərliyin qorunması və məktəb intizamının təmin edilməsi baxımından əhəmiyyət daşıyır. “Ümumi təhsil haqqında” Qanunun 12.13-cü maddəsinə əsasən, dövlət ümumi təhsil müəssisələrində şagirdlər müvafiq qaydada müəyyən edilmiş geyim formasından istifadə etməlidirlər. Vahid geyim tələbi məktəbdə ümumi nizam-intizamın qorunmasına, şagirdlər arasında maddi imkan fərqlərinin zahiri görünüş üzərindən qabardılmamasına və təhsilə yönəlmiş mühitin formalaşmasına xidmət edir. Bununla belə, bu qaydanın tətbiqi zamanı şagirdlərin hüquqları, valideynlərin məsuliyyəti və məktəblərin üzərinə düşən vəzifələr də diqqətdə saxlanılmalıdır.
Fəlsəfə doktoru, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov məktəblərdə vahid geyim qaydaları ətrafında yaranan müzakirələrin siyasiləşdirilməsini yolverilməz hesab edir. O, Crossmedia.az-a açıqlamasında məktəbli forması ilə bağlı məsələlərin qanunvericilik çərçivəsində həllinin və təhsil müəssisələrində nizam-intizamın qorunmasının vacibliyini vurğulayıb:

“Bu gün müşahidə olunan bəzi manipulyasiya və etiraz cəhdləri bir daha təsdiq edir ki, vahid məktəbli forması kimi sırf pedaqoji və sosial xarakterli bir məsələ daxili nizamı pozmaq istəyən müəyyən dairələr tərəfindən məqsədli şəkildə siyasiləşdirilməyə, din pərdəsi altında təqdim edilməyə çalışılır. Hüquqi dövlətdə hər bir vətəndaşın qanun çərçivəsində rəy bildirmək hüququ olsa da, proseslərin qanunazidd müstəviyə keçirilməsi, ictimai asayişin pozulmasına yönələn cəhdlər və ən acınacaqlısı, azyaşlı uşaqların bu cür manipulyasiyalarda alətə çevrilməsi qətiyyən yolverilməzdir”.
Fəlsəfə doktoru vahid məktəbli forması ilə bağlı qərarların qanunvericilik çərçivəsində qəbul edildiyini və təhsil müəssisələrində müəyyən edilmiş qaydalara əməl olunmasının vacibliyini qeyd edib:
“Demokratik dövlət idarəçiliyi qərarların qəbulunda ilk növbədə cəmiyyətin ümumi maraqlarının qorunmasını nəzərdə tutur. Dövlətin vahid məktəbli forması ilə bağlı qərarı legitim dövlət institutları tərəfindən, geniş ictimai-pedaqoji müzakirələr əsasında və müvafiq qanunvericilik çərçivəsində qəbul edilmişdir. Hüquqi müstəvidə fəaliyyət göstərən hər bir vətəndaş bu qaydalara riayət etmək öhdəliyi daşıyır”.
O, məktəblərin siyasi və dini mübahisələrin aparıldığı məkana çevrilməməli olduğunu bildirib:
“Dövlətimizin dünyəvi xarakteri isə təhsil sisteminin hər cür kənar ideoloji, subyektiv və ya qrup maraqlarından uzaq, elmi və bərabərhüquqlu əsaslarla fəaliyyət göstərməsini təmin edir. Məktəb fərdi siyasi, dini və ya sosial ambisiyaların nümayiş olunduğu poliqon deyil, dövlətin gələcəyini formalaşdıran strateji bir platformadır”.
İlqar Orucov məktəblərdə standart geyim qaydalarının tətbiqinin dini inanclara və vicdan azadlığına qarşı müdaxilə kimi təqdim edilməsini də əsassız hesab edir:
“Azərbaycanda bütün dinlərə, eləcə də islam dininə münasibətdə ən ali siyasi səviyyədə yüksək tolerantlıq və sivil yanaşma mövcuddur. Buna görə də məktəblərdə standart geyim qaydalarının tətbiqi insanlarımızın dini inancına və vicdan azadlığına qarşı heç bir halda müdaxilə sayıla bilməz və dövlətimizdə islam dininə qarşı hər hansı təzyiqdən söhbət belə gedə bilməz”.
O, işğaldan azad olunmuş ərazilərdə tarixi məscidlərin bərpasını Azərbaycanın dini və mənəvi dəyərlərə münasibətinin göstəricisi kimi dəyərləndirib və bu fonda məktəbli forması məsələsinin dini qarşıdurma mövzusuna çevrilməsi cəhdlərini əsassız adlandırıb:
“Azərbaycan dövlətinin islama və mənəvi dəyərlərə həqiqi münasibətinin ən parlaq göstəricisi, işğaldan azad olunmuş ərazilərimizdə uzun illər düşmən tapdağı altında təhqirə məruz qalmış tarixi məscidlərimizin bu gün dövlət tərəfindən ən yüksək səviyyədə bərpa və təmir edilməsi, həmin müqəddəs torpaqlarda yenidən azan sədalarının ucaldılmasıdır. Bu reallıq fonunda məktəbli forması məsələsini dini qarşıdurma motivinə çevirmək cəhdləri tamamilə əsassızdır və cəmiyyətdə süni gərginlik yaratmaq məqsədi güdür”.
Fəlsəfə doktoru azyaşlı uşaqların qanunazidd aksiyalara cəlb olunmasının onların hüquqları və psixoloji sağlamlığı baxımından yolverilməz olduğunu bildirib:
“Uşaqların hüquqlarının müdafiəsi və onların psixoloji sağlamlığı Azərbaycan dövlətinin ali prioritetlərindən biridir. Hələ tam formalaşmamış, hüquqi və sosial məsələlərin mahiyyətini dərk etməyən azyaşlı uşaqların qanunazidd aksiyalara və etiraz dalğalarına cəlb edilməsi həm beynəlxalq konvensiyalara, həm də milli qanunvericiliyə tamamilə ziddir”.
O, təhsil müəssisələrində ictimai asayişin qorunmasının və uşaqların kənar təsirlərdən müdafiəsinin vacibliyini də diqqətə çatdırıb:
“Dövlətin hüquq-mühafizə və təhsil qurumları bu növ kənar müdaxilələrin, qanunsuz yönləndirmələrin və təhsil mühitini zəhərləməyə çalışan təxribatların qarşısını qətiyyətlə almaq iqtidarındadır. Azərbaycanın dünyəvi və demokratik inkişaf kursu təhsil müəssisələrində xaos yaradılmasına yönəlmiş hər hansı məqsədli ssenarinin reallaşmasına imkan verməyəcək, qanunun aliliyi və ictimai sabitlik hər bir halda tam bərqərar olunacaqdır”.
Nigar Xəlilli
18:30 12.10.2026
Oxunuş sayı: 110