Zəfərdən tam suverenliyə: Yeni Azərbaycan Partiyasının VIII Qurultayının siyasi xətti
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı bizim üçün adi bir hesabat-seçki toplantısından qat-qat artıq məna daşıyır. Bu, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyi yeni mərhələnin ilk qurultayıdır, və bu cümlənin arxasında on illərlə davam edən həsrət, mübarizə və səbr dayanır. 2021-ci ildə VII qurultay Zəfərin təzə sevincini yaşadığımız günlərdə keçirilmişdi. İndi isə həmin Zəfər artıq dövlət siyasətinin təbii zəminidir və Prezident İlham Əliyevin çıxışı bunu çox aydın göstərdi. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev sözün əsl mənasında partiyanın və ölkənin gələcək xəttini bir daha müəyyənləşdirdi. Cənab Prezidentin çıxışında bizi xüsusilə qürurlandıran fikir Azərbaycanın işğala təkbaşına son qoyması və regionda yeni reallıqlar yaratması oldu. Müharibə dövründə ölkəyə təzyiqlərin göstərildiyini, hədələrin səsləndiyini, hətta sanksiyaların müzakirə edildiyini hamımız xatırlayırıq. Buna baxmayaraq Azərbaycan geri çəkilmədi, öz xalqının haqq işini sona çatdırdı. 8 noyabr Zəfər günü ilə 20 sentyabr tam suverenliyin bərpa olunduğu gün qurultayın siyasi xəttinin iki sütunu kimi səsləndi və bu, tamamilə yerinə düşən vurğu idi, çünki bu tarixlər xalqımızın yaddaşında əbədi qalacaq.
Çıxışın ən dərin və strateji hissələrindən biri təhlükəsizlik anlayışının geniş şəkildə izah edilməsi oldu. Prezident İlham Əliyevin söylədiyi kimi əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır və biz bunu çox düzgün yanaşma hesab edirik. Zəfər qazanmaq bir iş, onu qorumaq isə başqa və daha məsuliyyətli bir işdir. Güclü ordusu olmayan ölkənin sülh danışıqlarında sözü də zəif olur. Eyni zamanda Prezident İlham Əliyev təhlükəsizliyin yalnız sərhədlərin müdafiəsi ilə məhdudlaşmadığını, iqtisadi, enerji, informasiya və ideoloji sahələri də əhatə etdiyini bildirdi. Azərbaycan dilində xaricdən yayılan təxribat xarakterli məzmunlara diqqət çəkməsi də vaxtında və yerində idi, çünki müasir dövrdə informasiya müharibəsi də real müharibənin tərkib hissəsidir. Bu gözəgörünməz cəbhədə də ayıq olmaq bizim ortaq borcumuzdur.
Xarici siyasət barədə söylədiyi fikirlər isə Azərbaycanın dünyada tutduğu yeri açıq göstərdi. Ölkəmiz Çin və ABŞ ilə strateji tərəfdaşlıq qurub, Avropa İttifaqının 10 üzvü ilə strateji tərəfdaşlıq formatına malikdir və Mərkəzi Asiya ilə əlaqələri yeni səviyyəyə çatdırıb. Bu, balanslı, praqmatik və milli maraqlara əsaslanan siyasətin nəticəsidir. Onu da unutmaq olmaz ki, otuz il ərzində yeni üzv qəbul etməyən D-8 təşkilatına qəbul olunan yeganə ölkə Azərbaycan oldu. Enerji resursları ilə zəngin ölkənin geosiyasi və təhlükəsizlik amilinə çevrilməsi də məhz uzaqgörən xarici siyasətin bəhrəsidir. Ermənistanla ticarətə başlanması isə göstərir ki, Azərbaycan sülhdən və yeni regional reallıqdan qorxmur, əksinə, bu reallığı konstruktiv şəkildə formalaşdırmağa hazırdır.
Cənab Prezident İlham Əliyevin gələn il minimum əməkhaqqı, pensiyalar və sosial müavinətlərin qaldırılacağı barədə artıq göstəriş verildiyi mesajını verməsi, eyni zamanda son iki ildə keçirilən Beynəlxalq İnvestisiya forumlarında imzalanan kontraktların həcminin 20 milyard dollardan çox olması sosial rifahın iqtisadi əsasının da möhkəm olduğunu sübut edir. Qurultayın qəbul etdiyi qərarlara gəldikdə, tam doğru və vaxtında qəbul edilmiş qərarlardır.
İdarə Heyətinin 40 nəfərlik yeni tərkibinin təsdiqlənməsi təcrübənin və yeni qüvvənin birləşdiyini göstərir. Nizamnamədə partiya sədrinin səlahiyyət müddətinə dair beşillik məhdudiyyətin çıxarılması da bizim baxışımızda partiyanın öz ardıcıllığını, sabitliyini və liderlə bağlı xalq etibarını əks etdirir. Dünyanın bu qədər qeyri-sabit olduğu bir dövrdə sınanmış, xalqın etimadını qazanmış rəhbərliyin davamlılığı partiya üçün də, ölkə üçün də mühüm üstünlükdür.
Biz Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın qalib dövlətə çevrildiyini, bu gün də hər sahədə inkişaf etdiyini görürük, ona görə bu qərarı həm məntiqli, həm də tarixi təcrübəyə uyğun sayırıq. VIII Qurultay göstərdi ki, Yeni Azərbaycan Partiyası yalnız keçmiş uğurları ilə fəxr edən deyil, onları qoruyub inkişaf etdirməyi bacaran partiyadır. Cənab Prezidentin çıxışı bizə bir daha xatırlatdı ki, qarşıdakı əsas vəzifə əldə olunanları möhkəmləndirmək, güclü ordu qurmaq, iqtisadiyyatı şaxələndirmək, sosial rifahı artırmaq və öz qərarlarımızı özümüzün verməsini təmin etməkdir.

Fuad Həbibzadə
YAP Yasamal rayon təşkilatının məsləhətçisi
14:02 05.10.2026
Oxunuş sayı: 40