İpəkdən rəngə, ənənədən müasirliyə
İncəsənətə olan bağlılığı bəzən insanın dünyanı qavrama tərzində özünü göstərir. Rəngi duymaq, formanı seçmək, gözəlliyin ən kiçik detalında estetik məna görmək və gördüyünü daxili hisslərlə bədii obrazda ifadə etmək. Bunlar yalnız texniki bacarıqla formalaşmayan keyfiyyətlərdir. Nərminə Uluxanovanın yaradıcılığına nəzər saldıqda onun incəsənətlə münasibətinin məhz belə təbii və daxili bir başlanğıca söykəndiyini desək, yanılmarıq.
Nərminə Azər qızı Uluxanova Bakı şəhərində anadan olub. Uşaqlıq illərindən ətrafındakı gözəlliyi duymağa başlayıb, rəssamlığa xüsusi maraq göstərib. O, hələ erkən yaşlarından bu istiqamətdə özünü inkişaf etdirməyə başlayıb. Müxtəlif rəsm, dizayn, floristika və digər yaradıcılıq dərnəklərində iştirakı onun estetik dünyagörüşünün formalaşmasında mühüm rol oynayıb. Bu hazırlıq prosesi Uluxanovanın sonrakı yaradıcılığında özünü aydın şəkildə göstərir. Onun əsərlərində rənglərin seçimi yalnız vizual gözəllik yaratmaq məqsədi daşımır. Burada rəng duyğunun, ovqatın və bəzən də milli-mədəni yaddaşın ifadə vasitəsinə çevrilir. Rəssamın rəngi hiss etməsi, rənglər arasında harmoniyanı intuitiv şəkildə qurması onun yaradıcılığının peşəkarlığını göstərir.
Nərminə Uluxovanın Bakıda Xarici Dillər Universitetinin “Avropaşünaslıq və Beynəlxalq Münasibətlər” fakültəsini bitirdikdən sonra Londona köçərək “İnsan resurslarının idarə edilməsi” ixtisası üzrə təhsil alıb. London mərhələsi onun yaradıcılığı üçün xüsusi əhəmiyyət daşıyır. Təxminən üç il Londonda yaşayan istedadlı rəssam burada müxtəlif rəssamlıq kurslarında iştirak edərək peşəkar bilik və bacarıqlarını daha da inkişaf etdirib. Lakin London onun üçün yalnız təhsil məkanı olmayıb. Bu şəhər həm də incəsənət dünyasının müxtəlif istiqamətləri ilə yaxından tanış olduğu, muzey və qalereyaları kəşf etdiyi, fərqli mədəniyyətlərin bədii ifadə formalarını müşahidə etdiyi mühüm yaradıcılıq mərhələsinə çevrilib. Onun London xatirələri içərisində xüsusi maraq doğuran məqamlardan biri də bir rəssamın evində yaşaması ilə bağlıdır. Evin divarlarını bəzəyən əsərlər, sənətlə əhatələnmiş gündəlik yaşayış mühiti gənc rəssamın yaradıcılıq duyğularını daha da gücləndirib. Sanki incəsənət həmin məkanın yalnız divarlarında deyil, həyatın özündə mövcud idi. Muzey və qalereyalara edilən çoxsaylı səfərlər isə onun incəsənətə marağını daha da dərinləşdirib, dünyaya rəssam gözü ilə baxmaq imkanlarını genişləndirib. Məhz bu dövrdə Uluxanova yaradıcılığında fərqli material və texnikalara da müraciət etməyə başlayıb. Batika və rəngli yunla işləməsi onun incəsənət axtarışlarının müxtəlif istiqamətlərini nümayiş etdirir. Burada rəng, faktura, ornament və materialın öz təbiəti vahid bədii sistemdə birləşir. Azərbaycanlı rəssam üçün materialın özü də bəzən yaddaş daşıyıcısına çevrilə bilir. İpək, ornament, naxış, xalça motivləri və kəlağayı estetikası milli mədəniyyətimizin yalnız dekorativ elementləri və ənənəvi formanın sadə təkrarı kimi deyil, müasir baxışla yenidən düşünülmüş bədii ifadə vasitələri kimi çıxış edir. Onun əsərlərində milli və müasir üslubun qarşılıqlı əlaqəsi xüsusilə diqqətçəkəndir. Milli naxışlar, ornamentlər, miniatür sənətinin estetik prinsipləri və Azərbaycan mədəniyyətinə xas rəng duyumu rəssamın fərdi yaradıcılıq dili ilə qovuşur.
Uluxanovanın yaradıcılığında miniatür ənənəsinin izləri də maraq doğurur. Azərbaycan miniatür sənətinin səciyyəvi xüsusiyyətlərindən olan dekorativlik, ritm, ornamentallıq, səthin bütövlüyü və rənglərin emosional ifadəliliyi onun əsərlərində müasir bədii düşüncə ilə yeni məna qazanır.
Rəssamın yaradıcılıq yolunda Bakıya qayıtdıqdan sonra keçirdiyi və iştirak etdiyi sərgilər xüsusi mərhələ təşkil edir. İçərişəhərdə keçirilən ilk sərgisi onun sənət fəaliyyətində mühüm dönüş nöqtələrindən biri olub. Bu sərgi yalnız əsərlərinin tamaşaçı qarşısında təqdimatı deyil, həm də rəssamın yaradıcılıq yoluna daha inamla davam etməsi üçün mühüm stimul kimi yadda qalıb.
Nərminə Uluxanovanın yaradıcılığının diqqətçəkən cəhətlərindən biri də onun incəsənətin müxtəlif sahələri arasında əlaqə yaratmasıdır. Rəngkarlıq, batika, kəlağayı və dekorativ sənət elementləri onun yaradıcılıq təcrübəsində bir-birindən təcrid olunmur. Əksinə, onlar vahid estetik düşüncənin müxtəlif ifadə formalarına çevrilirlər. Bu baxımdan rəssamın yaradıcılığını yalnız müəyyən texnikanın sərhədləri daxilində qiymətləndirmək doğru olmaz. Tanınmış rəssamın rəngkarlıq əsərləri dekorativ-plastik ifadəliliyi, zəngin kolorit həlli ilə seçilir. Onun tablolarının rəng həllinə nəzər salsaq, firuzəyi, mavi, yaşıl, qırmızı, sarı, narıncı və torpaq çalarlarının fəal qarşılıqlı münasibəti xüsusilə diqqət çəkir. Parlaq və doymuş rənglərin bir-birini tamamlaması ilə yanaşı, müxtəlif ton və çalarların qat-qat işlənməsi əsərlərin səthi dekorativliyini canlı və dinamik rəng mühitinə çevirir. Uluxanovanın yaradıcılığında Azərbaycan milli mədəniyyətinə aid ornamental elementlər, buta xarakterli formalar, həndəsi naxışlar, çiçək və bitki motivləri, quş və heyvan təsvirləri, musiqi alətləri, məişət əşyaları, meyvələr və insan obrazları xüsusi yer tutur. Bu motivlərin bir araya gətirilməsi rəssamın milli yaddaşa müraciətini daha da qabarıqlaşdırır, xüsusilə xalçaçılıq və ornamental sənətin estetik prinsiplərini xatırladan haşiyə və naxış sistemləri əsərlərin ümumi bədii quruluşunda mühüm rol oynayır. Rəssam ənənəvi motivləri olduğu kimi təkrarlamaqdan daha çox, onları müasir rəngkarlıq dili daxilində yenidən mənalandıraraq fərdi bədii üslubunun tərkib hissəsinə çevirir.
Rəssamın yaradıcılıq konsepsiyasının əsas istiqamətlərindən biri Azərbaycan mədəniyyətinin zənginliyini xarici tamaşaçıya bədii dillə çatdırmaqdır. O, Azərbaycanı yalnız əsərin mövzusu vasitəsilə deyil, materialın, ornamentin, rəngin və dekorativ estetikanın dili ilə təqdim etməyə çalışır. İpək, naxış, ornament, kəlağayı motivləri və milli üslub bu təqdimatın mühüm elementlərinə çevrilir.
Nərminə Uluxanovanın əsərləri müxtəlif yerli və beynəlxalq sərgilərdə nümayiş etdirilir, xarici qalereyalarda təqdim olunaraq və müxtəlif şəxsi kolleksiyalarda yer almaqdadır. O, Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Rəssamın yaradıcılıq coğrafiyası Fransa, Lüksemburq, Belçika, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Qətər, Malayziya, Pakistan və digər ölkələrə qədər genişlənib. Müxtəlif səfirliklərin və Avropa İttifaqının təşkil etdiyi incəsənət layihələrində iştirakı onun yaradıcılığının beynəlxalq mədəni dialoq kontekstində təqdim olunmasına imkan yaradıb. Beləliklə, Uluxanovanın əsərlərində ipəkdən keçən xətt rəngkarlıqla davam edir. Bu xəttin sonunda isə nə keçmiş, nə də bu gün dayanır.
Ziyarət Qəhrəmanova-Cabarova
Sənətşünas, kurator,
Azərbaycan Dövlət Rəsm Qalereyasının böyük elmi işçisi
11:11 05.10.2026
Oxunuş sayı: 47