Bakıda doğulan bu şəxsi öldürmək üçün 40 min dollar təklif edilib? - Rusiya kəşfiyyatı...
Rusiya kəşfiyyat xidmətləri ABŞ-də yaşayan rusiyalı müxalifətçilərə, o cümlədən Bakıda doğulan keçmiş şahmat dünya çempionu Harri Kasparova və keçmiş Dövlət Dumasının deputatı İlya Ponomaryova qarşı sui-qəsd planları hazırlayıb.
Crossmedia.az xəbər verir ki, “El Mundo” bu barədə siyasətçilərin ətrafındakı mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, ABŞ hakimiyyəti 2026-cı ilin yayında Kasparova onun Kreml tərəfindən hazırlanmış mümkün sui-qəsdin hədəfi olduğunu bildirib. Bundan sonra 2013-cü ildə Nyu-Yorka köçməsindən etibarən ilk dəfə onun üçün gücləndirilmiş mühafizə təşkil edilib.
ABŞ Ədliyyə Nazirliyinin sentyabrın 15-də açıqladığı ittiham sənədlərində isə Kasparovun adı çəkilmir. Sənəddə ABŞ-də yaşayan tanınmış rusiyalı müxalifətçi “Victim-1” – “1 nömrəli qurban” kimi təqdim olunur. ABŞ prokurorluğuna görə, Rusiya kəşfiyyatı ilə əlaqəli olduğu iddia edilən şəbəkə həmin şəxsin izlənilməsi və öldürülməsi üçün ABŞ-də şəxslər cəlb edib.
İstintaqa görə, ABŞ-də yaşayan bir şəxsə “Victim-1”lə əlaqəli iki məkanı Vaşinqtonda izləmək və foto-video çəkmək tapşırılıb. Bunun üçün ona 1-1,5 min dollar ödənilməsi, daha sonra isə həmin şəxsin öldürülməsi üçün 40 min dollar təklif edilməsi iddia olunur. Lakin cəlb olunan şəxs qətli özü həyata keçirməkdən imtina edib və başqa icraçı tapmasının istənildiyini bildirib.
“El Mundo”nun yazdığına görə, “Victim-1” Harri Kasparovdur. Nəşr onun təhlükəsizliyi ilə bağlı xəbərdarlıq aldığını və bundan sonra xüsusi mühafizəyə götürüldüyünü qeyd edir.
Digər mümkün hədəf isə keçmiş Dövlət Dumasının deputatı İlya Ponomaryov olub. “El Mundo”nun məlumatına görə, Ponomaryovun Vaşinqtondakı ünvanları izlənilib və onun öldürülməsi üçün 40 min dollar təklif edilib.
ABŞ Ədliyyə Nazirliyinin sənədlərində Litvada yaşayan başqa bir rusiyalı müxalifətçi də “Victim-2” kimi təqdim olunur. İstintaqa görə, 2025-ci ildə həmin şəxsin ünvanının müəyyənləşdirilməsi üçün ABŞ vətəndaşı cəlb edilib, daha sonra isə onun öldürülməsi üçün 25 min dollar təklif olunub. Sənəddə mümkün qətlin bıçaqla hücum və ya benzinlə yandırma yolu ilə həyata keçirilməsi variantlarının müzakirə edildiyi bildirilir.
“El Mundo” bu şəxsin “Azad Rusiya Forumu”nun həmtəsisçilərindən biri, Litvada yaşayan İvan Tyutrin ola biləcəyini yazır. Bununla belə, ABŞ Ədliyyə Nazirliyinin açıqladığı ittiham sənədində “Victim-2”nin adı açıqlanmır və Tyutrinin həmin şəxs olması rəsmi şəkildə təsdiqlənmir.
Nəşr həmçinin Litvada yaşayan başqırd fəal Ruslan Qabbasovun da mümkün hədəflər sırasında olduğunu bildirir. Qabbasov 2025-ci ildə avtomobilində izləmə qurğusu aşkar edib. “El Mundo”nun məlumatına görə, sonradan Litva hüquq-mühafizə orqanları onun öldürülməsinə dair planı müəyyənləşdirib.
ABŞ Ədliyyə Nazirliyi Rusiya kəşfiyyat xidmətləri ilə əlaqəli olduğu iddia edilən beş nəfərə qarşı ittiham irəli sürüb. Onların arasında Rusiyanın keçmiş kəşfiyyat polkovniki Yuri Xrameyev, onun FTX əməkdaşı olduğu bildirilən oğlu Kirill Xrameyev, həmçinin iki Kuba və bir Venesuela vətəndaşı var. ABŞ prokurorluğuna görə, həmin şəxslər terrorçuluğun maliyyələşdirilməsi və bəzi hallarda sifarişli qətl törətmək məqsədilə sui-qəsddə ittiham olunurlar. Təqsirləndirilən şəxslərin hamısının azadlıqda olduğu bildirilir.
ABŞ Ədliyyə Nazirliyi xüsusi olaraq qeyd edir ki, ittihamlar hələ məhkəmə tərəfindən təsdiqlənmiş faktlar deyil və təqsirləndirilən şəxslər məhkəmədə günahları sübuta yetirilənədək təqsirsiz hesab olunurlar.
Harri Kasparov 13 aprel 1963-cü ildə Bakıda anadan olub. O, 1985-ci ildə şahmat üzrə dünya çempionu titulunu qazanaraq həmin vaxt bu ada sahib olan ən gənc şahmatçı olub.
14:44 30.09.2026
Oxunuş sayı: 246