Türkiyədə şirkətlər üçün valyuta dəstəyində yeni dövr
Türkiyədə şirkətlərin xaricdən əldə etdikləri valyuta gəlirlərini türk lirəsinə çevirməsini təşviq edən valyuta dönüşüm dəstəyi üzrə yeni qaydalar müəyyənləşdirilib.
Crossmedia.az xəbər verir ki, Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşek Mərkəzi Bankın şirkətlər üçün valyuta dönüşüm dəstəyində daha çevik və sadə tətbiq şərtləri müəyyən etdiyini bildirib.
Şimşekin sözlərinə görə, yeni qaydalarla daha çox şirkətin bu dəstək mexanizmindən yararlanması nəzərdə tutulur. O, istehsal, məşğulluq və əlavə dəyər yaradan real sektorun dəstəklənməsinin davam etdiriləcəyini qeyd edib.
Türkiyə Mərkəzi Bankının yeni tətbiq təlimatı oktyabrın 1-dən qüvvəyə minəcək. Yeni qaydalara əsasən, şirkətlərin valyuta almamaq öhdəliyi ləğv edilir və bunun əvəzinə valyuta mövqeyi şərti tətbiq olunur.
Dəstəkdən yararlanmaq istəyən şirkətlərin likvid valyuta aktivlərinin xalis satış gəlirinə və ya aktivlərinin həcminə nisbətinin 10 faizdən çox olmaması tələb ediləcək.
Bundan əlavə, şirkətlərin dəstək çərçivəsində sata biləcəyi valyuta məbləği əlavə dəyərlə əlaqələndiriləcək və dəstək məbləğinə yuxarı hədd müəyyən ediləcək.
Yeni qaydalar vasitəçi ixracatçı ilə çalışan təchizatçı şirkətlərin də dəstək mexanizmindən birbaşa yararlanmasına imkan verəcək. Bu zaman təchizatçı şirkətin öz valyuta satışı limiti və valyuta mövqeyi nəzərə alınacaq.
Qaydalara əsasən, vasitəçi bankların nəzarət və yoxlama funksiyaları da gücləndiriləcək. Banklara dəstək məbləğinin maksimum 1 faizi həcmində komissiya almaq imkanı veriləcək.
09:55 28.09.2026
Oxunuş sayı: 44