“Birliyin Gücü – 2026”: Qarabağda üç ölkənin hərbi əməkdaşlığı praktiki müstəvidə
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin iştirakı ilə “Birliyin Gücü – 2026” birgə hərbi təlimlərinin keçirilməsi üç ölkə arasında hərbi əməkdaşlığın praktiki müstəvidə inkişafını göstərir. Təlimin üç mərhələdən ibarət olması və Qarabağ iqtisadi rayonundakı “Qızılqaya” Təlim Mərkəzi, Naxçıvandakı “Qarabağlar” Təlim Mərkəzi və Xəzərdəki “Böyük Zirə” təlim rayonunu əhatə etməsi diqqət çəkir. Təlimlərdə şəxsi heyətlə yanaşı, döyüş texnikaları, dəniz və aviasiya vasitələri, eləcə də pilotsuz uçuş aparatlarının iştirakı nəzərdə tutulur. Müdafiə Nazirliyinin məlumatına görə, əsas məqsəd birgə əməliyyatlara hazırlığın artırılması, qoşunların koordinasiyasının və təlim prosedurlarının standartlaşdırılması, həmçinin bölmələrin yeni döyüş imkanlarının təkmilləşdirilməsidir.
Crossmedia.az-a açıqlamasında hərbi ekspert Anar Şuşalı Azərbaycan, Türkiyə və Pakistan hərbçilərinin Qarabağda keçirdiyi birgə təlimlərin üç ölkə arasında müdafiə əlaqələrinin praktiki müstəvidə inkişafına şərait yaratdığını bildirib:
“Azərbaycanın Türkiyə və Pakistanla müdafiə sahəsində əlaqələri müxtəlif istiqamətləri əhatə edir. Birgə hərbi təlimlər isə bu münasibətlərin praktiki müstəvidə inkişafına şərait yaradır. Belə tədbirlər zamanı hərbi qulluqçuların qarşılıqlı anlaşma, koordinasiya və müxtəlif əməliyyat şəraitlərində fəaliyyət bacarıqlarının təkmilləşdirilməsi əsas məsələlər sırasında yer alır”, - deyə hərbi ekspert qeyd edib.

Onun sözlərinə görə, üç ölkə arasında əməkdaşlıq yalnız birgə təlimlərlə məhdudlaşmır: “Müdafiə sahəsində təcrübənin paylaşılması, hərbi kadrların hazırlığı və müasir döyüş yanaşmalarının öyrənilməsi də bu əməkdaşlığın mühüm istiqamətlərindəndir. Azərbaycanın Türkiyə və Pakistanla əlaqələri bu baxımdan hərbi imkanların inkişafı və qarşılıqlı təcrübədən yararlanmaq üçün əlavə imkanlar yaradır”.
Ekspert bildirib ki, təlimlərin regional təhlükəsizlik baxımından da əhəmiyyəti var: “Belə təlimlər tərəfdaş dövlətlərin müdafiə sahəsində koordinasiyasını nümayiş etdirir. Bununla belə, yalnız təlimin keçirilməsinə əsaslanaraq yeni hərbi ittifaqın yaradılması və ya onun konkret dövlətə qarşı yönəlməsi barədə nəticə çıxarmaq düzgün olmazdı. Belə qənaətlər üçün əlavə faktlar və rəsmi məlumatlar tələb olunur”.
Anar Şuşalı vurğulayıb ki, təlimin gələcək təsiri əməkdaşlığın davamlılığından asılı olacaq: “Azərbaycan, Türkiyə və Pakistan hərbçilərinin Qarabağda birgə təlim keçirməsi üç ölkə arasında müdafiə əlaqələrinin praktiki məzmununun gücləndirilməsi, hərbi hazırlığın təkmilləşdirilməsi və qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi baxımından əhəmiyyətlidir. Təlimin gələcək təsiri isə onun nəticələrindən, əməkdaşlığın davamlılığından və müdafiə sahəsində həyata keçiriləcək digər birgə fəaliyyətlərdən asılı olacaq”.
Nigar Xəlilli
20:00 19.09.2026
Oxunuş sayı: 58