Dövlət Suverenliyi Günü: Azərbaycanın tam suverenliyinin təntənəsi
Azərbaycanın müasir dövlətçilik tarixində elə tarixlər var ki, onlar yalnız hadisənin baş verdiyi gün kimi qalmır, xalqın yaddaşında, dövlətin hüquqi və siyasi sistemində dərin iz buraxır. 20 sentyabr məhz belə bir tarixdir. Prezident İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə hər il sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd olunur. Bu gün 2023-cü il sentyabrın 19-20-də həyata keçirilən lokal antiterror əməliyyatının yekununa və Azərbaycanın bütün ərazisində dövlət suverenliyinin tam bərpasına həsr edilib. 1990-cı illərin əvvəllərində Ermənistan Respublikası Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsini kobud şəkildə pozaraq Azərbaycana qarşı işğalçılıq siyasəti yürüdüb. Hərbi gücdən istifadə edərək ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazisinin təxminən 20 faizini işğal edib, etnik təmizləmə aparıb, Xocalı soyqırımı kimi insanlığa qarşı cinayətlər törədib. Şəhərlər və kəndlər viran edilib, təbii sərvətlər talan olunub.
2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi bu ədalətsizliyə son qoydu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri tarixi Zəfər qazandı, torpaqların böyük hissəsini azad etdi və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinə nail oldu. Lakin Qarabağ iqtisadi rayonunda hələ də Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni silahlı dəstələr mövcud idi. Üçtərəfli Bəyanatın tələbləri pozulur, təxribatlar davam edirdi. 2023-cü il sentyabrın əvvəllərində vəziyyət daha da gərginləşdi. Sentyabrın 18-də Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunda erməni kəşfiyyat-diversiya qruplarının quraşdırdığı minaların partlaması nəticəsində mülki şəxslər və hərbçilər həlak oldu. Bu, genişmiqyaslı təxribatların bir hissəsi idi.
2023-cü il sentyabrın 19-da saat 13:10 radələrində Azərbaycan Ordusu lokal xarakterli antiterror əməliyyatına başladı. Əməliyyatın məqsədləri aydın idi: Qarabağ iqtisadi rayonunda törədilən təxribatların qarşısını almaq, Ermənistan silahlı qüvvələrinin qalıqlarını tərksilah edərək ərazilərimizdən çıxarmaq, hərbi infrastrukturu zərərsizləşdirmək, işğaldan azad olunmuş ərazilərə qayıdan dinc əhalinin və bərpa işlərinə cəlb olunanların təhlükəsizliyini təmin etmək və Azərbaycan Respublikasının konstitusiya quruluşunu bərpa etmək. Əməliyyat yüksək peşəkarlıq və dəqiqliklə aparıldı. Yüksək dəqiqlikli silahlardan istifadə edilərək düşmənin 1761 hədəfi sıradan çıxarıldı. 13 istiqamətdə (beşi şimalda, səkkizi cənubda) aparılan əməliyyatlar nəticəsində qısa müddətdə 90-dan çox döyüş mövqeyi nəzarətə götürüldü. 406 kvadratkilometrlik ərazi yad ünsürlərdən təmizləndi. Düşmənin 8 tankı, 22 artilleriya sistemi, 14 minaatanı, 3 zenit kompleksi və digər texnikası məhv edildi. Təxminən 15-18 min nəfərlik düşmən qüvvəsi təslim olmağa məcbur edildi.
Sentyabrın 20-də saat 13:00-da əməliyyat dayandırıldı. Rusiya sülhməramlı kontingenti vasitəsilə əldə olunan razılaşmaya əsasən, qeyri-qanuni silahlı dəstələr və Ermənistan silahlı qüvvələrinin qalıqları silahı yerə qoyaraq ərazilərimizi tərk etməli oldular. Sentyabrın 28-də isə qondarma rejimin “rəhbəri” Samvel Şahramanyan qurumun ləğvi haqqında sənəd imzaladı. Bu əməliyyatın ən mühüm xüsusiyyətlərindən biri mülki əhaliyə zərər vurmamaq prinsipinə ciddi riayət olunması idi. Yüksək dəqiqlikli silahlar və selektiv taktika tətbiq edilərək mülki itkilərin qarşısı alındı. Nəticədə Xankəndi, Xocalı, Xocavənd, Ağdərə və digər ərazilərdə Azərbaycanın suverenliyi tam bərpa olundu. Oktyabrın 15-də Prezident İlham Əliyev şəxsən bu şəhərlərdə Dövlət Bayrağını ucaltdı.
2024-cü il sentyabrın 19-da Prezident İlham Əliyev “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” Sərəncam imzaladı. Sərəncamda qeyd olunur ki, 2023-cü il sentyabrın 20-də Azərbaycan Respublikasının bütün ərazisində qanunun aliliyi təmin olunub və dövlət suverenliyi bərpa edilib. Buna görə də hər il sentyabrın 20-si Dövlət Suverenliyi Günü kimi qeyd edilir. Bu qərar təsadüfi deyil. Suverenlik dövlətin əsas atributudur. O, dövlətin öz ərazisi üzərində ali hakimiyyətini, daxili və xarici siyasətini müstəqil müəyyənləşdirmək hüququnu ifadə edir. 20 sentyabr məhz bu hüququn faktiki reallaşdığı gündür. 1991-ci ildə müstəqilliyin bərpası formal suverenliyin başlanğıcı idisə, 2020-ci il ərazi bütövlüyünün bərpası, 2023-cü il isə suverenliyin tam və qəti təminatı oldu.
2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi də bu məqsədlə bağlıdır. Konstitusiya dövlətin hüquqi əsaslarını, suverenlik isə bu əsasların bütün ərazidə həyata keçirilməsini təmin edir. Dövlət Suverenliyi Günü yalnız hərbi qələbənin yubileyi deyil. O, milli birliyin, xalq-ordu həmrəyliyinin və dövlət iradəsinin təcəssümüdür. Bu gün şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, gələcək nəsillərə vətənpərvərlik tərbiyəsi və dövlətçilik ənənələrinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Əməliyyatdan sonra regionda yeni reallıqlar formalaşıb. Böyük Qayıdış Dövlət Proqramı çərçivəsində keçmiş məcburi köçkünlər doğma torpaqlarına qayıdır, infrastruktur bərpa olunur, Qarabağ Universiteti fəaliyyət göstərir, Xankəndidə və digər şəhərlərdə həyat canlanır. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması istiqamətində də addımlar atılır. Beynəlxalq hüquq baxımından da bu hadisə əhəmiyyətlidir. Azərbaycan öz suveren hüquqlarını beynəlxalq hüquqa uyğun şəkildə həyata keçirib, ərazilərində qanunsuz silahlı birləşmələrin fəaliyyətinə son qoyub.
20 Sentyabr – Dövlət Suverenliyi Günü Azərbaycan xalqının uzun illər ərzində apardığı mübarizənin kulminasiya nöqtəsidir. Bu gün xatırladır ki, ədalət gec də olsa bərpa olunur, dövlət öz gücünü və iradəsini nümayiş etdirəndə heç bir maneə qarşısında dayanmır. Bu gün artıq Azərbaycan bayrağı ölkənin hər bir guşəsində – Cəbrayıldan Xankəndiyə, Füzulidən Ağdərəyə qədər – qürurla dalğalanır. Suverenlik bərpa olunub, lakin onu qoruyub saxlamaq, möhkəmləndirmək və inkişaf etdirmək hər bir vətəndaşın və dövlətin daimi vəzifəsidir.
Nigar Xəlilli
14:30 19.09.2026
Oxunuş sayı: 47