Zelenski Putinə meydan oxudu: Sülh təklifi, yoxsa siyasi tələ?
Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya Prezidenti Vladimir Putinlə birbaşa görüşə hazır olduğunu bəyan etməsi müharibənin diplomatik gündəmini yenidən hərəkətləndirib. Kiyevin bu təşəbbüsü Kreml tərəfindən qəbul ediləcəyi təqdirdə danışıqların başlanması ilə yanaşı, Ukraynanın Qərbə verdiyi siyasi mesaj baxımından da diqqət çəkir. Çünki hazırkı mərhələdə Putin-Zelenski görüşünün baş tutacağı o qədər də real görünmür və Kremlin belə bir görüşə razılıq vermək niyyətində olmadığı barədə açıqlamalar səslənir. Buna baxmayaraq, Kiyev üçün birbaşa görüş təklifinin özü belə müəyyən siyasi və diplomatik dividendlər yarada bilər. Ukrayna həm döyüş meydanındakı mövqeyini, həm də danışıqlara hazır olduğunu nümayiş etdirməklə Qərbin dəstəyini daha da gücləndirməyə çalışır. Bəs Zelenskinin Putinlə görüş təşəbbüsünün arxasında hansı siyasi hesablamalar dayanır?
Mövzu ilə bağlı politoloq Elçin Xalidbəyli Crossmedia.az-a açıqlamasında bildirib ki, Ukrayna və Rusiya prezidentləri arasında yaxın vaxtlarda birbaşa görüşün baş tutması hələlik inandırıcı görünmür və Zelenskinin bəyanatları daha çox siyasi manevr kimi qiymətləndirilə bilər: “Ukrayna və Rusiya prezidentləri arasında yaxın vaxtlarda birbaşa görüşün baş tutacağı hələlik o qədər də inandırıcı görünmür. Prezident Volodimir Zelenskinin bu barədə bəyanatları rəsmi Kiyevin müəyyən siyasi manevrlər etmək niyyətində olduğunu göstərir. Böyük ehtimalla Ukraynanın siyasi dairələrində də dəqiqliklə bilirlər ki, Kreml Putin-Zelenski görüşünə razılaşmaq niyyətində deyil. Nitekim Kreml təmsilçiləri dəfələrlə bu barədə neqativ məzmunlu açıqlamalar veriblər. Ancaq indiki mərhələdə Rusiya qarşısında sülh təklifləri ilə çıxış etmək Ukraynaya iki istiqamətdə müəyyən dividendlər qazandıra bilər. Birincisi, hərbi üstünlük və təzyiqdir. Hazırda Ukrayna döyüş meydanında hərbi üstünlüyü nisbətən ələ keçirmiş kimi görünür. Xüsusilə rəsmi Kiyev müharibəni birbaşa Rusiya ərazisinə daşımağa nail olub. Hazırda Rusiyanın enerji və logistika infrastrukturu darmadağın edilir. Rusiya bundan çox ciddi ziyan çəkir, ölkədə sosial-iqtisadi və siyasi böhran əlamətləri müşahidə olunur, eyni zamanda müharibəni maliyyələşdirmək imkanları zəifləyir".

Politoloq qeyd edib ki, ikincisi isə diplomatik manevrdir: "Belə bir situasiyada rəsmi Kiyevin Putin-Zelenski görüşünü təklif etməsi maraqlı məqamdır. Bununla Kiyev danışıqlar masası arxasında Rusiyanın neo-imperialist şərtlərini rədd edərək öz maraqları çərçivəsində öz şərtlərini Kremlə diqtə etmək şansı qazanmaq istəyir. Əgər bu görüş baş tutmazsa, Ukrayna tərəfi yenə də uduşlu çıxacaq. Çünki rəsmi Kiyev Qərbə növbəti dəfə mesaj vermiş olur ki, hərbi üstünlüyü ələ keçirdikdən sonra belə Rusiya ilə sülh danışıqlarına hazırdır. Ancaq Kreml aqressiv, neo-imperialist hədəflərindən imtina etmir və müharibəni davam etdirmək niyyətindədir. Böyük ehtimalla Rusiya Ukraynanı məğlub edərsə, Avropaya qarşı da hərbi təzyiqlər göstərə bilər. Qərbdə böyük narahatlıqla qarşılanan bu cür siyasi mesajlar rəsmi Kiyev üçün Qərbin hərbi dəstəyinin gücləndirilməsinə əsas yaradır. Prezident Zelenski də məhz bu manevrlərlə Qərbin Ukraynaya dəstəyini artırmağa cəhd göstərir. Bütün bunlar onu göstərir ki, Ukrayna müharibəsi ətrafında geopolitik manevrlər daha da dərinləşir və müharibənin yaxın vaxtlarda sona çatması real görünmür. Müharibənin bitməsi üçün önəmli şərtlərin reallaşması lazımdır ki, bu şərtlər də Ukraynanın ərazi bütövlüyü ilə bağlıdır. Rəsmi Kiyev birmənalı şəkildə bəyan edib ki, ərazilərin verilməsi ilə bağlı heç bir güzəştə getməyəcək və beynəlxalq hüquq normaları ilə təsbit olunmuş sərhədlər bərpa edilməlidir. Ukraynanın reallaşdırmağa cəhd göstərdiyi hədəf Kremlin həm siyasi, həm də hərbi cəhətdən daha da çətin vəziyyətə salaraq öz maraqlarını təmin etməkdən ibarətdir. Yaxın gələcəkdə Putin və Zelenski arasında görüşün keçirilməsi ehtimalı isə real xarakter daşımır”.
Zeynəb Həsən
17:30 12.09.2026
Oxunuş sayı: 54