İranın rəsmi dili türk dili olacaq - Şok açıqlama
İran Prezidenti Məsud Pezeşkianın Bişkek səfəri zamanı türkcə danışması ölkə daxilində yeni müzakirələrə səbəb olub. Pezeşkianın qızına Azərbaycan türkcəsində “Zəhra, keç gəl bura” deməsi xüsusilə fars millətçi dairələrinin və sosial media istifadəçilərinin sərt reaksiyası ilə qarşılaşıb. Prezidentin dil seçimindən narazı olan bəzi istifadəçilər onu tənqid edib və istefasını tələb edən çoxsaylı paylaşımlar yayıblar. Hadisə İranda dil və milli kimlik məsələləri ətrafında mövcud həssaslığın sosial şəbəkələrdə yenidən gündəmə gəlməsinə səbəb olub.

Xalq şairi Sabir Rüstəmxanlı Crossmedia.az-a açıqlamasında bildirib ki, Pezeşkian özü də dəfələrlə türk olduğunu və ailəsində türkcə danışdığını qeyd edib:
“Pezeşkiyan özü də dəfələrlə özünün türk olduğunu, evində ailəsi ilə türkcə danışdığını bildirib. Rəsmi danışıqlarda, İranın rəsmi dili fars dilidir və fars dilində danışır. Azərbaycan Prezidenti ilə rastlaşırsa, onunla birlikdə, yəni ana dilində danışırsa, bu, onun insan kimi haqqıdır, hüququdur”.
Sabir Rüstəmxanlı qeyd edib ki, Pezeşkianın ana dilində danışmasına qarşı çıxmaq insan hüquqlarına zidd yanaşmadır:
“Kim buna qarşı çıxırsa, onun insanlıqdan, hüquqdan, dünyada baş verən hadisələrdən, siyasətdən, ən xüsusən də belə elementar insan hüquqlarından başı çıxmır. Ona görə kim nə qədər danışır-danışsın, Pezeşkiyan ona fikir verən deyil”.
Turan Partiyasının sədri Cahandar Bayoğlu açıqlamasında bildirib ki, Pezeşkiyanın ana dilində danışması bəzi dairələrdə narahatlıq yaradıb və onun fikrincə, İranın gələcəyini düşünən qüvvələr Pezeşkiyanı dəstəkləyir:
“Bu, anti-türk faşist dairələrdə ciddi narahatçılıq yaradıb. Amma İranın ümumən taleyini düşünən, irqçilərin bağlılığında olmayan yerli məmurların hamısı Pezeşkiyanın yanındadır. Onlar bilirlər ki, türk amili İranı xilas edən amildir. İranın xilasını istəyən bütün qüvvələr Pezeşkiyanın yanındadır. Dünənə qədər türkcə danışmaq problem yaradırdısa, yəqin ki, bir müddət keçəndən sonra farsca danışmaq problem yaradacaq. Amma təbii ki, türklər farslara belə bir problem yaratmayacaq, hər kəsin haqqını tanıyacaq”.

C.Bayoğlu hesab edir ki, gələcəkdə İranda türk dilinin mövqeyi daha da güclənə və ölkənin rəsmi dili ilə bağlı dəyişiklik baş verə bilər:
“Qısa zaman gələcək hər kəs İranda türkcə danışacaq. Bu da İranın rəsmi dilinin türkcə edilməsinə gətirib çıxaracaq. İndidən biz bunun tam mənada dəstəyini xalq arasında görürük. Xalqın iradəsi də çox qısa zamanda qalib gələcək”.
Nigar Xəlilli
16:00 05.09.2026
Oxunuş sayı: 52