Zoğal şirəsi ilə özünü müalicə edən qadın komaya düşdü komaya düşdü
Böyük Britaniyada 47 yaşlı qadın sidik yollarının infeksiyasını zoğal şirəsi ilə müalicə etməyə çalışdıqdan sonra sepsis keçirib və üç həftə komada qalıb.
Crossmedia.az xəbər verir ki, “LADbible” bu barədə məlumat yayıb.
Kerol Hedlinin sözlərinə görə, o, uzun illər sidik yollarının infeksiyası ilə bağlı problemlərini zoğal şirəsi içməklə aradan qaldırmağa çalışıb və həkimə müraciət etməyib. Qadın bu cür narahatlıqların onda 13–14 yaşlarından başladığını, əvvəlki hallarda özünümüalicənin kömək etdiyini bildirib.
Lakin 47 yaşında vəziyyəti fərqli olub. Sidiyə gedərkən yanma hissi ilə yanaşı, baş və bel ağrıları da yaranıb. Hedli bu əlamətləri iş yorğunluğu ilə əlaqələndirib.
Təxminən bir ay sonra onun hərarəti yüksəlib, danışığı isə anlaşılmaz olub. Qadının sözlərinə görə, xəstəxanaya çatdırılanda nitqi sərxoş insanın danışığına bənzəyib.
Müayinələr zamanı infeksiyanın sidik yollarından böyrəklərə yayıldığı və nəticədə sepsisin inkişaf etdiyi məlum olub. Həkimlər qadını süni komaya salaraq üç həftə ərzində müalicə ediblər.
Hazırda Hedlinin böyrəkləri əvvəlki funksiyasının təxminən 70 faizini yerinə yetirir. O, yaşadıqlarından sonra insanları özünümüalicədən çəkinməyə və xəstəlik əlamətləri yarandıqda tibbi yardım almağa çağırıb.
04:51 22.10.2026
Oxunuş sayı: 50