Meta şirkəti istifadəçiləri aldatdı - 25 milyard dollar cərimələndi
ABŞ-nin Nyu-Meksiko ştatında məhkəmə “Meta” şirkətini istifadəçilərin məlumatlarının toplanması və məxfiliyin qorunması ilə bağlı ictimaiyyəti yanıltmaqda təqsirli bilən andlılar heyətinin qərarından sonra 25 milyard dollar cərimələyib.
Crossmedia.az xəbər verir ki, “Reuters” bu barədə məlumat yayıb.
Andlılar heyəti şirkətin və rəhbərliyinin məxfilik, nifrət nitqi ilə bağlı şikayətlərin araşdırılması və daxili qaydalar barədə 29 açıqlamasından 26-sının yalan olduğu qənaətinə gəlib. Onların qiymətləndirməsinə görə, “Meta” yerli istehlakçı hüquqlarının müdafiəsi qanununu 43 milyondan çox dəfə pozub.
Hakim Frensis Metyu qərarında bildirib ki, “Facebook”un illər ərzində davam edən və ictimaiyyətə sistemli şəkildə təqdim olunan pozuntuları şirkətin biznes fəaliyyətinin əsas prinsiplərinə toxunur.
Hakim qeyd edib ki, ştat qanunvericiliyinə əsasən, cərimənin məbləği 219 milyard dolları ötə bilərdi. Lakin yekun məbləğ 25 milyard dollar müəyyən edilib. Nyu-Meksikonun baş prokuroru Raul Torresin sözlərinə görə, cərimədən əldə olunacaq vəsait ştatın məktəb sisteminə yönəldilməlidir. Qanun hər pozuntuya görə 5 min dollaradək cərimə tətbiq etməyə imkan verir.
İddia 2021-ci ildə, Britaniyanın “Cambridge Analytica” konsaltinq şirkətinin kənar tətbiq vasitəsilə 87 milyona qədər “Facebook” istifadəçisinin məlumatlarını topladığı məlum olduqdan sonra qaldırılıb. Ştat rəsmiləri “Meta”nı üçüncü tərəflərin istifadəçi məlumatlarına çıxışı barədə insanları yanıltmaqda və biznes maraqlarına uyğun olduğu hallarda zərərli məzmuna göz yummaqda ittiham ediblər.
Məhkəmə sənədlərinə əsasən, “Meta” cərimənin 3,45 milyard dollarla məhdudlaşdırılmasını istəyib. Şirkət istifadəçi məlumatlarını satmadığını və ştatın konkret şəxslərin zərər gördüyünü sübut etmədiyini bildirib. “Meta” məsələ ilə bağlı şərh sorğusuna cavab verməyib.
Bu, son altı ay ərzində Nyu-Meksiko ştatının iddiası üzrə “Meta”ya qarşı çıxarılan ikinci məhkəmə qərarıdır. Mart ayında məhkəmə şirkətin “Facebook”, “Instagram” və “WhatsApp” platformalarında yetkinlik yaşına çatmayanların təhlükəsizliyi ilə bağlı ictimaiyyəti yanıltması qənaətinə gələrək 375 milyon dollar cərimə təyin edib. Daha sonra hakim şirkətə yeniyetmələrin psixi sağlamlığını dəstəkləyən ştat fonduna 567 milyon dollar köçürməyi də tapşırıb.
02:54 22.10.2026
Oxunuş sayı: 57