ABŞ Konqresindən çağırış: Ukraynaya Rusiya ərazisini vurmağa icazə verilsin
ABŞ Konqresinin bir qrup üzvü Ukraynaya “Starlink” peyk rabitə sistemindən istifadə edərək Rusiya ərazisindəki raket buraxılış qurğularına zərbələr endirməyə imkan yaradılmasını istəyib.
Crossmedia.az xəbər verir ki, “The Hill” nəşri bu barədə konqresmenlərin ABŞ Prezidenti Donald Trampa ünvanladıqları məktuba istinadən məlumat yayıb.
Məlumata görə, Nümayəndələr Palatasının üzvü Co Vilson da daxil olmaqla, Konqresin Ukraynaya dəstək qrupunu təmsil edən 23 qanunverici müvafiq müraciət hazırlayıb. Məktubu 7 respublikaçı və 16 demokrat imzalayıb.
Konqresmenlər Trampı “SpaceX” şirkətinin rəhbəri İlon Maskla əlaqə saxlayaraq Ukraynanın Rusiya ərazisindəki raket buraxılış mövqelərini aşkar etmək və onlara zərbə endirmək üçün “Starlink” sistemindən istifadəsinə şərait yaratmağa çağırıblar.
“Ukrayna özünü, vətəndaşlarını və Qərbi müdafiə etmək imkanına malik olmalıdır. Bunun ən yaxşı yolu Rusiyanın hücumlar həyata keçirmək imkanlarını məhv etməkdir”, – deyə Co Vilson bildirib.
Qanunvericilər hesab edirlər ki, Ukraynanın Rusiya ərazisindəki raket buraxılış qurğularını hədəfə almaq imkanlarının genişləndirilməsi mülki əhalinin qorunmasına kömək edə bilər.
Xatırladaq ki, daha əvvəl “The Wall Street Journal” nəşri Ukraynada “Starlink” xidmətinin məhdudlaşdırılması ilə bağlı qərarda İlon Maskın mümkün rolundan yazıb. Bununla yanaşı, “Reuters”in oktyabrın 15-də yaydığı məlumatda məhdudiyyət göstərişinin Ağ Evdən gəldiyi bildirilir. Məsələ ilə bağlı məsuliyyətin kimə aid olduğu mübahisəli olaraq qalır.
10:46 22.10.2026
Oxunuş sayı: 209