Tailand vətəndaşlarını Avropaya səfər etməməyə çağırıb
Tailandın xarici işlər naziri Sihasak Phuangketkeu Avropanın bəzi ölkələrində davam edən etiraz aksiyaları ilə əlaqədar vətəndaşlara zəruri olmayan səfərləri təxirə salmağı tövsiyə edib.
Crossmedia.az xəbər verir ki, Tailandın “Matichon” nəşri bu barədə məlumat yayıb.
Nazir bildirib ki, Fransa, İtaliya və İspaniyada keçirilən etiraz aksiyaları fonunda vəziyyət sürətlə dəyişir və bu, səfər edən şəxslərin təhlükəsizliyi baxımından narahatlıq yaradır.
Onun sözlərinə görə, xüsusilə Fransada gərginlik davam edir. İtaliyanın Milan şəhərində də etirazlar səbəbindən hökumətin fövqəladə iclası keçirilib. İspaniyada isə nümayişlər davam edir.
Sihasak Phuangketkeu vətəndaşları səfərdən əvvəl vəziyyəti diqqətlə izləməyə, Xarici İşlər Nazirliyinin və müvafiq ölkələrdəki Tailand səfirliklərinin açıqlamalarını yoxlamağa çağırıb.
Nazir zəruri olmayan səfərlərin təxirə salınmasını məqsədəuyğun hesab etdiyini bildirib.
Qeyd edək ki, tövsiyə Avropaya səfərlərə rəsmi qadağa qoyulması anlamına gəlmir.
11:27 22.10.2026
Oxunuş sayı: 48