Yatmazdan əvvəl bir stəkan süd içmək yuxuya kömək edə bilər
Mütəxəssislər yuxu keyfiyyətini yaxşılaşdırmaq və yuxusuzluqla mübarizəyə kömək etmək üçün axşam yeməyindən sonra bir stəkan tam yağlı süd içməyi tövsiyə ediblər.
Crossmedia.az xəbər verir ki, “El Confidencial” nəşri bu barədə məlumat yayıb.
Mütəxəssislərin izahına görə, yuxunun tənzimlənməsində mühüm rol oynayan melatonin hormonu triptofan adlı amin turşusundan sintez olunur. Heyvan mənşəli südün tərkibində bu amin turşusu mövcuddur.
Onlar bildiriblər ki, südün ölçülü miqdarda qəbulu əksər insanlar üçün sağlamlıq problemi yaratmır. Bununla yanaşı, hər hansı qidanı çəki və ya sağlamlıqla bağlı bütün problemlərin əsas səbəbi kimi təqdim etmək düzgün deyil.
Mütəxəssislər son illərdə bitki mənşəli içkilərə keçidin sağlamlıq üçün mütləq daha faydalı olduğu barədə yayılan fikirlərə də ehtiyatla yanaşmağı tövsiyə edirlər.
Qeyd edək ki, süd içmək yuxusuzluğun müalicəsi kimi qəbul edilməməlidir. Yuxu problemləri davam edərsə, səbəbin müəyyənləşdirilməsi üçün həkimə müraciət etmək vacibdir.
06:55 22.10.2026
Oxunuş sayı: 53