Kiçik və Orta sahibkarların diqqətinə: sahibkarlıq inkişaf etdiriləcək
Kiçik və orta sahibkarlığın inkişafı üçün dövlət tərəfindən müxtəlif dəstək mexanizmləri tətbiq olunur. Vergi güzəştləri, startaplar üçün azadolmalar və yeni yaradılan strukturlar sahibkarların fəaliyyətini genişləndirməyə yönəlib. Bununla yanaşı, ekspertlər hesab edirlər ki, sahibkarlığın inkişafı yalnız mövcud dəstək mexanizmləri ilə məhdudlaşmamalı, ayrı-ayrı sahələr üzrə daha konkret proqramlar hazırlanmalıdır. Bəs kiçik və orta sahibkarlığın inkişafı üçün hansı addımlar atılmalıdır? Sahibkarların böyüyərək orta və iri biznesə çevrilməsi üçün hansı mexanizmlər tətbiq olunmalıdır?
Mövzu ilə bağlı iqtisadçı Emin Qəribli Crossmedia.az-a açıqlamasında bildirib ki, kiçik və orta sahibkarlığa lazımi dəstək göstərilir, lakin bu sahədə daha konkret və ölçülə bilən hədəflərin müəyyənləşdirilməsinə ehtiyac var: “İstənilən halda hər bir sahədə, hər bir iqtisadiyyatda problemlər mövcuddur. Amma kiçik və orta sahibkarlığa qayğı göstərilir. Vergi Məcəlləsində düzəlişlər var, startaplar üçün vergi azadolmaları mövcuddur. Təbii ki, müəyyən məqamlar var ki, sahibkarlıq, iqtisadiyyat və texnologiyalar inkişaf etdikcə, ona uyğun addımların atılmasına ehtiyac yaranır. Sahibkarlar da yeni şəraitə uyğunlaşmalıdırlar”.

İqtisadçı qeyd edib ki, kiçik və orta sahibkarlıqla yanaşı, iri sahibkarlığın inkişafına da dəstək göstərilməlidir: “Daha çox sahəvi, ayrı-ayrı istiqamətlər üzrə dövlət proqramları qəbul olunarsa, daha yaxşı olar. Məsələn, turizm və kənd təsərrüfatının inkişafı ilə bağlı dövlət proqramları qəbul olunub. Sənaye üçün də belə proqramların yaradılmasına ehtiyac var. Sahibkarlığın inkişafını qiymətləndirmək üçün konkret göstəricilər müəyyənləşdirilməlidir. Kiçik sahibkarlıqdırsa, il ərzində göstərilən səylər nəticəsində neçə faiz kiçik sahibkarın orta sahibkara, orta sahibkarın isə iri sahibkara çevrildiyi müəyyənləşdirilməlidir. Belə indikatorlar olsa və ictimaiyyətə təqdim olunsa, daha yaxşı olar. Əsas hədəf kiçik sahibkarların müəyyən hissəsinin orta, orta sahibkarların isə iri sahibkarlığa çevrilməsidir”.
E.Qəribli əlavə edib ki, bu prosesdə əsas problemlərin müəyyənləşdirilməsi və onların həlli istiqamətində təhlillərin aparılması vacibdir.
Zərnigar Hüseynli
11:30 26.08.2026
Oxunuş sayı: 45