İran ABŞ-nin Hörmüz boğazı ilə bağlı cavabını rədd etdi
İran Hörmüz boğazının yenidən açılması üçün irəli sürdüyü yeddi şərtə ABŞ-nin verdiyi cavabı qeyri-kafi hesab edib.
Crossmedia.az xəbər verir ki, bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi açıqlama verib. Məlumatı “Tasnim” agentliyi yayıb.
Rzayinin sözlərinə görə, Vaşinqton Tehranın bəzi şərtlərini qəbul etsə də, digər məsələlər hələ də qeyri-müəyyən olaraq qalır.
O bildirib ki, ABŞ son iki ay ərzində Pakistan, Qətər və İraq vasitəsilə İranla əlaqə saxlayaraq təkliflərini təqdim etməsini istəyib. Təxminən iki həftə əvvəl Tehran yeddi şərtini Vaşinqtona çatdırıb.
İran rəsmisi vurğulayıb ki, həmin şərtlər yerinə yetirilmədən Hörmüz boğazı ABŞ üçün açılmayacaq və danışıqlar başlanmayacaq.
“ABŞ bizim üçün qeyri-müəyyən qalan məsələlərə aydınlıq gətirməlidir”, – deyə Rzayi bildirib.
Qeyd edək ki, İranın tələbləri arasında hərbi əməliyyatların dayandırılması, dondurulmuş aktivlərin azad edilməsi, neft ixracına məhdudiyyətlərin aradan qaldırılması və İran limanlarına tətbiq olunan dəniz blokadasının ləğvi yer alır.
00:33 12.10.2026
Oxunuş sayı: 64