Araşdırma zamanı 9 min il yaşı olan emalatxana tapılıb
Türkiyənin Diyarbakır vilayətinin Ergani rayonunda yerləşən Çayönü Təpəsində aparılan arxeoloji qazıntılar zamanı e.ə. 6900–6800-cü illərə aid, təxminən 5 kvadratmetr sahəsi olan mədənçilik emalatxanası aşkarlanıb.
Crossmedia.az xəbər verir ki, Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy 2026-cı il qazıntıları zamanı üzə çıxarılan tapıntıların qədim dövrdə istehsal fəaliyyətinin təşkili ilə bağlı mühüm məlumatlar verdiyini bildirib.
Emalatxanada xam və yarıişlənmiş malaxitlər, işlənmiş malaxit nümunələri, mis muncuqlar və digər mis əşyalar, eləcə də daş döşənmiş iş sahəsi tapılıb.
Nazirin sözlərinə görə, bu kəşf ərazidə mədənçilik ənənəsinin təxminən 2 min il davam etdiyini və ixtisaslaşmış istehsal fəaliyyətlərinin müəyyən iş yerlərində həyata keçirildiyini göstərir.
Çayönü Təpəsində mis və malaxit istifadəsinə dair izlərin e.ə. 9100-cü illərə qədər uzandığı bildirilir. Çanakkale Onsekiz Mart Universitetinin dosenti Savaş Sarıaltunun rəhbərliyi ilə aparılan qazıntılarda emalatxana qədim yaşayış məskəninin qərb hissəsində üzə çıxarılıb.
Təxminən 5 kvadratmetr sahəni əhatə edən emalatxananın ətrafında ən azı altı dirək dəliyi, daxilində isə daş döşənmiş iş sahəsi aşkarlanıb. Emalatxananın mərkəzində 18, daha geniş ərazidə isə ümumilikdə təxminən 42 malaxit və mis tapıntısı qeydə alınıb.
05:15 12.10.2026
Oxunuş sayı: 59