Müharibədən 6 ay sonra: Tramp İrana qarşı yeni strategiyaya keçir
ABŞ Prezidenti Donald Trampın İrana qarşı başlatdığı müharibə altıncı aya yaxınlaşarkən Vaşinqton hərbi və diplomatik səylərdən sonra əsas ümidini iqtisadi təzyiqə bağlayıb.
Crossmedia.az xəbər verir ki, “The Wall Street Journal” bu barədə məlumat yayıb.
Nəşrin yazdığına görə, Tramp İrana qarşı müharibə başlamazdan bir neçə gün əvvəl ABŞ-nin kəşfiyyat rəhbərini Ağ Evə çağıraraq genişmiqyaslı hücumun məqsədəuyğun olub-olmadığını soruşub.
Həmin vaxt Trampın yüksək vəzifəli müşavirləri və İsrailin Baş naziri Benyamin Netanyahu İranın son onilliklərdə ən zəif vəziyyətində olduğunu bildiriblər. Onların fikrincə, bu, İranın nüvə proqramını dağıtmaq və Trampın sülh yaratmaqla bağlı siyasi irsini gücləndirmək üçün nadir fürsət idi.
Lakin ABŞ kəşfiyyatı və hərbi rəhbərliyindəki bəzi şəxslər mümkün nəticələrlə bağlı xəbərdarlıq ediblər. Onlar genişmiqyaslı hücumun İranın daha sərt mövqedə olan qüvvələrinin güclənməsinə, nüvə proqramının sürətləndirilməsinə və Hörmüz boğazında qlobal enerji daşımalarına təhlükənin artmasına səbəb ola biləcəyini bildiriblər.
Məqalədə qeyd olunur ki, müharibənin uzanması ABŞ-nin hərbi sursat ehtiyatlarına, enerji bazarına və Tramp administrasiyasının siyasi mövqeyinə təsir göstərib.
Nəşrin məlumatına görə, Vaşinqton hazırda İranı iqtisadi təzyiq, sanksiyalar və dəniz blokadası vasitəsilə güzəştə getməyə məcbur etməyə çalışır.
Münaqişənin əsas nəticələrindən biri Hörmüz boğazında gəmiçiliyin ciddi şəkildə pozulması olub. Bu vəziyyət qlobal neft bazarında da narahatlıqları artırıb.
“The Wall Street Journal” yazır ki, Trampın müharibənin əvvəlində qarşıya qoyduğu məqsədlərlə hazırkı vəziyyət arasında ciddi fərq yaranıb. Vaşinqton indi hərbi əməliyyatlarla yanaşı, İran iqtisadiyyatına təzyiqi artırmaqla münaqişənin nəticəsini dəyişməyə çalışır.
14:51 25.08.2026
Oxunuş sayı: 50