Sahibkarlara şad xəbər - maliyyə resurslarına çıxış imkanları genişləndiriləcək
Naxçıvanda sahibkarların maliyyə imkanlarının genişləndirilməsi və biznes fəaliyyətinin dəstəklənməsi məqsədilə ilin ilk 7 ayında 5 milyon manata yaxın güzəştli kredit verilib. Güzəştli kreditlər biznesin genişləndirilməsi, yeni investisiya layihələrinin həyata keçirilməsi, istehsal və xidmət sahələrində müəssisələrin yaradılması, eləcə də mövcud fəaliyyətin modernləşdirilməsi üçün mühüm maliyyə dəstəyi hesab olunur. Bəs güzəştli kredit hansı hallarda, hansı sahibkarlara verilir?
Mövzu ilə bağlı iqtisadçı Akif Nəsirli Crossmedia.az-a açıqlamasında bildirib ki, güzəştli kreditlər əsasən biznesini genişləndirmək, yeni investisiya layihəsi həyata keçirmək, istehsal və xidmət sahəsində yeni müəssisə yaratmaq və ya mövcud fəaliyyətini modernləşdirmək istəyən sahibkarlara verilir: “Burada əsas məqsəd sahibkarın sadəcə dövriyyə xərclərini ödəmək deyil, iqtisadi fəaliyyətin genişlənməsinə və yeni iş yerlərinin yaradılmasına şərait yaratmaqdır. Belə kreditlərdən mikro, kiçik və orta sahibkarlıq subyektləri, həmçinin müəyyən şərtlərə cavab verən daha iri sahibkarlar yararlana bilər. Kreditin verilməsi zamanı layihənin iqtisadi səmərəliliyi, sahibkarın maliyyə vəziyyəti, biznes planı, investisiyanın istiqaməti və layihənin gələcəkdə gəlir və məşğulluq yaratmaq imkanları qiymətləndirilir”.

A.Nəsirli qeyd edib ki, güzəştli kreditlər kənd təsərrüfatı, emal sənayesi, logistika, turizm, xidmət, istehsal və digər prioritet sahələr üzrə layihələrə yönəldilə bilər: “Xüsusilə regionlarda yeni istehsal müəssisələrinin yaradılması, avadanlıqların alınması, texnologiyaların yenilənməsi və fəaliyyətin genişləndirilməsi kimi məqsədlər belə maliyyələşmənin əsas istiqamətlərindəndir. Burada vacib məqam ondan ibarətdir ki, güzəştli kredit dövlət tərəfindən sahibkara verilən qarşılıqsız vəsait deyil. Sahibkar aldığı krediti müəyyən müddət ərzində geri qaytarmalıdır. Güzəşt əsasən faiz dərəcəsinin bazar şərtlərindən daha aşağı olması, daha uzun müddətə verilməsi və bəzi hallarda kreditin təminat şərtlərinin daha əlverişli olması ilə özünü göstərir. Naxçıvan kimi regionlarda bu mexanizmin əhəmiyyəti daha böyükdür. Çünki sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi yeni müəssisələrin yaradılmasına, mövcud bizneslərin böyüməsinə, məşğulluğun artmasına və yerli istehsalın inkişafına şərait yarada bilər. Əsas məsələ isə kreditlərin real və dayanıqlı biznes layihələrinə yönəldilməsi və sahibkarların həmin vəsaitdən səmərəli istifadə etməsidir”.
Zərnigar Hüseynli
16:00 25.08.2026
Oxunuş sayı: 46