45-50 il evli qalan insanlar bu səbəbdən ayrılırmış
Bu gün 40-45 il davam edən evliliklərdən sonra yaşlı cütlüklərin boşanması halları da müşahidə olunur. Bu cür ayrılıqlar uzunmüddətli nikahların pozulması ilə yanaşı, cəmiyyətdə boşanmalara münasibətin dəyişməsi məsələsini də gündəmə gətirir. Bəs yaşlı insanlar nə üçün 40-45 il evlilikdən sonra boşanır? 40 il birgə yaşayan cütlüyün ayrılması boşanmaların çoxalması və adiləşdirilməsi ilə əlaqəli ola bilərmi?
Mövzu ilə bağlı sosioloq Hüseyn İbrahimov Crossmedia.az-a açıqlamasında bildirib ki, Azərbaycanda bu yaş həddində uzunmüddətli evliliklərdən sonra boşanma halları ənənəvi olaraq geniş yayılmış hal olmayıb. Lakin son dövrlərdə bu istiqamətdə müəyyən tendensiya müşahidə olunur: “Ümumiyyətlə, Azərbaycan ənənəsində bu qədər uzunmüddətli evlilikdən sonra boşanma halları, demək olar ki, olmayıb. Düzdür, Qərb ölkələrində, sosial mediada və tanınmış insanlar arasında biz belə hallara rast gəlmişik. Ancaq Azərbaycan ənənəsində belə hallar son zamanlar müəyyən faizlə, aşağı göstərici ilə də olsa, baş qaldırır. Təbiidir ki, cəmiyyət yalnız gənclərdən, orta yaşlılardan və ya yaşlılardan ibarət deyil. Cəmiyyət hər yaş kateqoriyasından olan insanların və ailə institutunun əhatə etdiyi sosial varlıqdır. Əvvəlki dövrlərdə yaşlıların adətləri və həyat tərzi gənclərə daha çox təsir edirdisə, bu gün müşahidə olunan tendensiya ondan ibarətdir ki, dünyada gənc və orta nəslin həyat tərzi və adətləri yaşlı nəslə daha çox sirayət edir və təsir göstərir. Digər tərəfdən, sosial media, əldə olunan informasiyalar, dəyişən zövqlər, miqrasiya prosesləri, əhalinin kənddən şəhərə işləməyə gəlməsi və ya qonşu ölkələrə işləməyə getməsi, uzun müddət ərzində ailədə cütlüklərin ayrı yaşaması halları da təsiredici amillərdir. Bu cür uzunmüddətli nikahın pozulması, xüsusilə cəmiyyətdə yaşlı nəsil arasında baş verdikdə, daha gənc nəslə də mənfi təsir göstərə bilər. Bu hallar ölkəmizdə nikahların pozulması baxımından, belə demək mümkündürsə, yeni bir ənənəyə çevrilir və bu da yaxşı tendensiya deyil”.

H.İbrahimov qeyd edib ki, yaşlı nəsil arasında boşanmaların sayı az olsa da, belə hallar ictimai şüura daha geniş təsir göstərir: “Təsir edən amillər müxtəlifdir və bunlar ailə institutunda baş verən boşanma hallarının statistikasında müəyyən faiz təşkil edir. Az faiz təşkil etsə də, yaşlı nəsil arasında boşanmanın təsir dairəsi daha genişdir. Belə hallar daha çox mənfi mənada ictimai şüura təsir edir və qısa zamanda geniş auditoriyaların müzakirə mövzusuna çevrilir. Bu, həmçinin həmin insanların övladlarının, nəvələrinin və digər davamçılarının psixoloji əhval-ruhiyyəsinə də mənfi təsir göstərir”.
Zərnigar Hüseynli
11:00 22.08.2026
Oxunuş sayı: 55