NATO ölkələri Rusiya ilə müharibəyə girir? - Politoloqdan ŞOK proqnoz
Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı müzakirələr davam etsə də, Kiyevin yaxın perspektivdə alyansa tamhüquqlu üzv olması real görünmür. NATO nümayəndələrinin Ukraynaya səfərləri və Kiyevin alyansa inteqrasiya istiqamətində apardığı təmaslar üzvlük məsələsini gündəmdə saxlayır. Lakin Ukraynanın Rusiya ilə müharibə şəraitində NATO-ya qəbul edilməsi alyansın kollektiv müdafiə öhdəliyinin tətbiqi ilə bağlı ciddi siyasi və hərbi nəticələr yarada bilər.
Ukraynanın NATO-ya üzvlüyü məsələsi həm müharibənin gedişi, həm də Rusiya ilə Qərb arasında birbaşa qarşıdurma riskləri fonunda xüsusilə həssas mövzu olaraq qalır. Kiyevin alyansa qəbul edilməsi NATO ölkələrinin Rusiya ilə müharibəyə birbaşa cəlb olunması ehtimalını gündəmə gətirə bilər. Bu səbəbdən Ukraynanın üzvlüyü ilə bağlı prosesin uzunmüddətli xarakter daşıyacağı və müharibənin davam etdiyi mərhələdə yekun qərarın qəbulunun ciddi risklər yaradacağı bildirilir.
Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev Crossmedia.az-a açıqlamasında bildirib ki, Ukraynanın NATO-ya üzvlüyü uzunmüddətli proses olacaq və yaxın zamanda həllini tapması gözlənilmir: "NATO nümayəndələrinin Kiyevə səfərini Ukraynanın alyansa inteqrasiyası və ya tezliklə üzv olması kimi qiymətləndirmək doğru deyil”.

Onun sözlərinə görə, Ukraynanın NATO üzvlüyü ilə bağlı məsələlər müzakirə oluna bilər, lakin müharibənin davam etdiyi mərhələdə alyansa üzvlük həm Ukrayna, həm də NATO üçün müəyyən problemlər yarada bilər: “Ukrayna müharibə davam etdiyi müddətdə NATO-ya üzv qəbul edilərsə, alyansın kollektiv müdafiə mexanizminin tətbiqi məsələsi gündəmə gələ bilər. Bu isə NATO ölkələrinin Rusiya ilə birbaşa hərbi qarşıdurmaya cəlb olunması riskini artırar. Belə bir ssenari Qərb ölkələri ilə Rusiya arasında daha genişmiqyaslı müharibə ehtimalını gündəmə gətirə bilər. İndiki şəraitdə Qərbin Ukraynanı NATO-ya tamhüquqlu üzv qəbul etməsi ehtimalı aşağıdır. Eyni zamanda Rusiya ilə NATO arasında birbaşa hərbi toqquşma riskinin də yaxın perspektivdə yüksək olmadığını düşünür".
Politoloq vurğulayıb ki, NATO Ukraynaya hərbi və siyasi dəstək göstərsə də, birbaşa müharibəyə cəlb olunmamaq üçün ehtiyatlı davranır: “Rusiya da NATO ölkələrinə, xüsusilə Şərqi Avropa dövlətlərinə qarşı müxtəlif sərt mesajlar versə də, real olaraq alyansla açıq hərbi qarşıdurmaya getməkdən çəkinir. Bu baxımdan yaxın gələcəkdə Rusiya ilə NATO arasında birbaşa hərbi toqquşmanın baş verəcəyini gözləmir.
Fatimə Cabbarlı
15:00 08.10.2026
Oxunuş sayı: 178