Larri Ellisonin sərvəti 7,9 milyard dollar azalıb
“Oracle” şirkətinin texniki direktoru və həmtəsisçisi Larri Ellisonun sərvəti şirkətin səhmlərinin kəskin ucuzlaşması nəticəsində 7,9 milyard dollar azalıb.
Crossmedia.az xəbər verir ki, “Forbes” nəşri bu barədə məlumat yayıb.
Nəşrin hesablamalarına görə, Ellisonun sərvəti 148,7 milyard dollardan 140,8 milyard dollara düşüb. Nəticədə o, “Forbes”un real vaxt rejimində yenilənən milyarderlər reytinqində üç pillə geriləyib. Onu “Walmart”ın varisləri Rob və Cim Uolton, eləcə də “Zara” brendinin sahibi “Inditex” şirkətinin həmtəsisçisi Amansio Orteqa qabaqlayıb.
Qeyd olunur ki, son üç ay ərzində Ellisonun sərvəti ümumilikdə təxminən 40 milyard dollar azalıb.
“Oracle” korporasiyası dünyanın ən böyük korporativ proqram təminatı, bulud xidmətləri və server avadanlıqları istehsalçılarından biridir. Şirkətin səhmləri bulud xidmətlərinə sifarişlərin və bulud infrastrukturu üzrə gəlirlərin artması fonunda 2025-ci ilin sentyabrında 319 dollarla rekord həddə çatıb.
Lakin şirkətin 2026-cı ilin ikinci rübü və bütöv maliyyə ili üzrə nəticələrini açıqlamasından sonra investorların narahatlığı artıb. Buna səbəb “Oracle”ın kapital xərclərinin yüksəlməsi və süni intellekt infrastrukturu ilə mikrosxemlərə yatırımlar nəticəsində təxminən 125 milyard dollarlıq borc toplaması olub.
Nəticədə şirkətin səhmləri 7,5 faiz ucuzlaşaraq 102 dollara düşüb. Bu, 2024-cü ilin yanvarından bəri qeydə alınan ən aşağı göstəricidir.
08:45 23.11.2026
Oxunuş sayı: 58