“Amerikalı psixopat” filminin rejissoru dəyişir
İtalyan rejissor Luka Quadanyino Bret İston Ellisin “Amerikalı psixopat” romanı əsasında çəkilməsi planlaşdırılan yeni filmin layihəsində iştirakını dayandırıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “Deadline” nəşri məlumat yayıb.
Layihənin ssenarisi üzərində daha əvvəl “Kaliforniya əxlaqsızı” serialı və “Bornun ultimatumu” filmi ilə tanınan Skott Z. Berns çalışıb. Yeni ekran əsəri Bret İston Ellisin 1991-ci ildə nəşr olunan eyniadlı romanının adaptasiyası olmalı idi.
Quadanyino Bernsin ssenarisini yüksək qiymətləndirərək onu möhtəşəm adlandırıb. Bununla belə, rejissor artıq layihədə iştirak etmədiyini açıqlayıb. O, ayrılma səbəbini açıqlamayıb.
Qeyd edək ki, Luka Quadanyinonun filmoqrafiyasında 30-dan çox layihə var. Rejissor “Məni öz adınla çağır”, “Süspiriya” və “Rəqiblər” kimi filmlərə imza atıb.
Onun növbəti layihələrindən biri olan “Artificial” filmi isə 2023-cü ilin noyabrında “OpenAI” şirkətində baş verən hadisələrdən bəhs edir. Həmin vaxt şirkətin direktorlar şurası baş icraçı direktor Sem Altmanı vəzifəsindən uzaqlaşdırsa da, bir neçə gün sonra o, yenidən vəzifəsinə qaytarılıb.
Filmdə Endrü Qarfild Sem Altmanı, Yura Borisov isə “OpenAI” şirkətinin həmtəsisçisi İlya Sutskeveri canlandıracaq.
03:00 23.11.2026
Oxunuş sayı: 75