Honda və Toyota 1,6 milyon avtomobili geri çağırır
“Honda” və “Toyota” təhlükəsizlik yastıqlarının partlama riski səbəbindən ABŞ-də ümumilikdə 1,6 milyona yaxın avtomobili geri çağırır.
Crossmedia.az xəbər verir ki, “Reuters” agentliyi bu barədə məlumat yayıb.
Məlumata görə, “Honda” 810 592, “Toyota” isə ABŞ-də 314 min avtomobili geri çağıracaq. “Toyota”nın geri çağırma tədbiri dünya üzrə ümumilikdə 790 min avtomobili əhatə edir.
“Honda”nın qərarı 2013-cü il istehsalı olan “Accord”, 2012–2013-cü illərə aid “Civic” və “CR-V”, eləcə də 2013-cü il istehsalı olan “Acura ILX” və “RDX” modellərinə şamil olunur.
Geri çağırılan avtomobillər ABŞ-nin 14 isti və rütubətli ştat və ərazisində, o cümlədən Kaliforniya, Florida, Texas, Havay, Puerto-Riko və Quamda satılan və ya qeydiyyata alınan nəqliyyat vasitələridir.
Problem “Takata” şirkətinin istehsal etdiyi təhlükəsizlik yastıqlarının hava ilə doldurulması üçün nəzərdə tutulan mexanizmlərlə bağlıdır. Bu qurğularda nəmlik uducu material olsa da, aparılan monitorinqlər bəzi qurğularda yanacaq maddəsinin keyfiyyətinin pisləşməsi ehtimalını üzə çıxarıb. Hazırkı problemlə əlaqədar qəza və xəsarət halları qeydə alınmayıb.
Qeyd edək ki, 2009-cu ildən etibarən nəmlik uducu materialı olmayan qüsurlu “Takata” mexanizmləri ABŞ-də ən azı 28 nəfərin ölümünə və 400-dən çox insanın xəsarət almasına səbəb olub. Ölüm hallarından ən azı 20-si “Honda” avtomobillərində baş verib.
07:30 23.11.2026
Oxunuş sayı: 51