İki sərnişin avtobusu vuruldu: Ölən və yaralananlar var
Ukraynanın Donetsk vilayətinin Kramatorsk şəhərində iki marşrut avtobusuna zərbə endirilməsi nəticəsində 30 nəfər ölüb, daha 18 nəfər yaralanıb.
Crossmedia.az xəbər verir ki, Donetsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Vadim Filaşkin bu barədə məlumat yayıb.
Filaşkin əvvəlcə hücum nəticəsində 12 nəfərin öldüyünü, 14 nəfərin yaralandığını açıqlamışdı. Sonradan yenilənən məlumata əsasən, ölənlərin sayı 30-a, yaralıların sayı isə 18-ə çatıb.
Hücumdan sonra Filaşkin Kramatorsk və Slavyansk hərbi administrasiyalarına təhlükəsizlik vəziyyətinin pisləşməsi səbəbindən ictimai nəqliyyatın fəaliyyətini dayandırmağı tapşırıb. Onun sözlərinə görə, sərnişin və sürücülərin daşınmasını davam etdirməsi təhlükəlidir.
Donetsk Vilayət Prokurorluğunun məlumatına görə, şəhər yerli vaxtla saat 10:00-da, Bakı vaxtı ilə 11:00-da hücuma məruz qalıb. Prokurorluq bildirib ki, zərbənin mərkəzində iki marşrut avtobusu olub və ilkin ehtimala görə, hücumda UMPB D-30SN tipli sursatdan istifadə edilib.
UMPB D-30SN Rusiyanın yüksək dəqiqlikli planlaşdırılan bombasıdır. Bu sursat “Universal mezvidovoy planiruyuşiy boyepripas” adlandırılır.
Məlumat Ukrayna tərəfinin açıqlamalarına əsaslanır.
14:39 08.10.2026
Oxunuş sayı: 94