Qara dənizdə təhlükə artır: Türkiyədən XƏBƏRDARLIQ
Türkiyənin xarici işlər naziri Hakan Fidan Qara dənizdə müharibənin təsirlərinin artmasının gəmiçilik təhlükəsizliyi üçün ciddi risk yaratdığını bildirib.
Crossmedia.az xəbər verir ki, Hakan Fidan bu barədə açıqlamasında danışıb.
Fidanın sözlərinə görə, Türkiyə Qara dənizdə təhlükəsiz gəmiçiliyin təmin olunması üçün böyük səylər göstərib. O, Montrö Konvensiyasının diqqətlə tətbiqini və Qara Dəniz Taxıl Təşəbbüsünü bu yanaşmanın konkret nümunələri kimi qeyd edib.
Nazir bildirib ki, hazırda müharibənin Qara dənizə də yayıldığı müşahidə olunur. Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət və region ölkələri Qara dənizin yeni münaqişə cəbhəsinə çevrilməsinə imkan verməməlidir.
Fidan qeyd edib ki, Türkiyə bu məsələ ilə bağlı qiymətləndirmələrini həm Rusiya, həm də Ukrayna tərəfi ilə bölüşür və tərəflərə müəyyən həll təklifləri təqdim edir.
Onun sözlərinə görə, qış gəlməzdən əvvəl hər iki tərəf hərbi üstünlük əldə etmək məqsədilə genişmiqyaslı hücum əməliyyatları həyata keçirir. Fidan bunun Qara dənizdə gəmiçilik təhlükəsizliyinə ciddi təsir göstərdiyini vurğulayıb.
15:02 08.10.2026
Oxunuş sayı: 146