Husi-Ərəb müharibəsi genişlənir: Qırmızı dənizdən Yaxın Şərqə yeni təhlükə
Yəməndə husilər ilə Səudiyyə Ərəbistanı arasında döyüşlərin yenidən şiddətlənməsi qarşıdurmanın coğrafiyasının genişlənməsi ilə bağlı narahatlıqları artırıb. Husilər sentyabr ayında Qırmızı dənizin Yəmən sahillərində yerləşən strateji ərazilər, o cümlədən Mokha limanı və Bab əl-Məndəb boğazındakı Perim adası üzərində nəzarəti gücləndirib. Bu mövqelər Qırmızı dənizlə Ədən körfəzi arasında əsas dəniz keçidlərindən birinə nəzarət baxımından xüsusi əhəmiyyət daşıyır.
Son günlər qarşıdurma Səudiyyə Ərəbistanının ərazisinə də keçib. Husilər Riyad və Əbha hava limanlarına, eləcə də digər strateji obyektlərə raket və dron hücumları həyata keçirdiklərini açıqlayıb. Səudiyyə rəsmilərinin məlumatına görə, son hücumlarda üç nəfər ölüb, 36 nəfər yaralanıb. Bunun ardınca Səudiyyə rəhbərliyindəki koalisiya Yəməndə husilərin hərbi mövqelərinə qarşı yeni zərbələr endirib.
Husilərin hərbi sözçüsü Yəhya Səri isə açıqlamasında Səudiyyə Ərəbistanına məxsus “F-15” və “Typhoon” tipli döyüş təyyarələrinin Həmis Müşayt və Taifdəki hava bazalarından havaya qalxaraq Yəməndə yaşayış məntəqələrini hədəf aldığını iddia edib. Onun sözlərinə görə, hücumlar Səna, Taiz, Səada, Cövf, Marib və Əmran vilayətlərində intensivləşib, Nəcran və Cizan istiqamətlərindən də raket atışları həyata keçirilib. Səri son gərginliyin başlanmasından bu yana Yəmənə endirilən hava və raket zərbələrinin sayının 1 798-ə çatdığını iddia edib.
Mövzu ilə bağlı politoloq Aydın Quliyev Crossmedia.az-a açıqlamasında bildirib ki, husilər ilə Səudiyyə Ərəbistanı arasında döyüşlərin genişlənməsi Yaxın Şərqdə yeni hərbi qarşıdurma ocağının daha geniş coğrafiyaya yayılması riskini artırır:

"Husilərin Qırmızı dənizin Ərəbistan sahilləri və Bab əl-Məndəb boğazı ətrafında strateji mövqelərə nəzarəti dəniz nəqliyyatı və enerji marşrutları baxımından ciddi təhlükə yaradır. Mokha limanı, Səudiyyə Ərəbistanının Yanbu limanı istiqamətindəki ərazilər və Bab əl-Məndəbdə yerləşən Perim adası kimi strateji nöqtələrin nəzarət altına alınması Qırmızı dənizdə gəmilərin və neft tankerlərinin hərəkəti üçün riskləri artırır. Bu vəziyyət Səudiyyə Ərəbistanının “Şərq-Qərb” neft kəməri üçün də təhlükə mənbəyinə çevrilə bilər".
Aydın Quliyev vurğulayıb ki, husilərin Səudiyyə Ərəbistanının cənub bölgələrinə doğru əməliyyatları genişləndirmək niyyəti müharibənin ölkə daxilinə yayılması ehtimalını artırır: “Səudiyyə Ərəbistanının husilərin nəzarətində olan ərazilərlə həmsərhəd cənub bölgələrində İsmaili təriqətinin çoxsaylı tərəfdarları yaşayır və bu qrupla dövlət arasında münasibətlər uzun müddətdir problemsiz deyil. Belə bir vəziyyətdə husilərin Səudiyyə Ərəbistanının cənubunda əməliyyatları genişləndirməsi müharibənin ölkə daxilinə yayılma təhlükəsini daha da artırır. Bundan başqa, artıq Məkkə sazişinin iştirakçıları Səudiyyə Ərəbistanına dəstək yönümündə addımlar atmağa başlayıblar. Dünya xəbər agentlikləri Pakistanın və Türkiyənin Səudiyyə Ərəbistanına hərbi güc — canlı qüvvə və müəyyən texnikalar göndərdiyi barədə məlumatlar yayıblar. Avqust ayında Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasında imzalanan Məkkə Birgə Müdafiə Sazişinə əsasən, tərəflərdən birinə qarşı silahlı hücum digərlərinə qarşı hücum kimi qiymətləndirilir. Bu o deməkdir ki, husilər ilə Məkkə sazişində iştirak edən ölkələrin hərbi toqquşması reallaşa bilər. Bu da İranın Məkkə sazişində iştirak edən ölkələrlə bağlı müəyyən, konkret addımlar atmaq məcburiyyətində qalması ilə nəticələnə bilər. Husilər ilə Səudiyyə Ərəbistanı müharibəsinin genişlənməsi Yaxın Şərqdə yeni müharibə ocağının daha geniş coğrafiyaya yayılması deməkdir. Qonşu ərəb ölkələrinin, yəni Səudiyyə Ərəbistanının husilərə qarşı müharibədə koalisiya tərəfdaşları olan Birləşmiş Ərəb Əmirliklərinin, Bəhreynin və Somalinin də bu proseslərə qoşulması mümkündür. Husilər ilə Səudiyyə Ərəbistanı arasındakı müharibə yaxın vaxtlarda dayandırılmazsa, İranın müxtəlif istiqamətlərdə daha kəskin addımlar atacağını gözləmək olar. Bir sözlə, Husi–Səudiyyə müharibəsi bu gün Yaxın Şərqi daha böyük alovlara bürümək gücündədir”.
Zeynəb Həsən
15:15 08.10.2026
Oxunuş sayı: 193