5 il sonranın ən perspektivli ixtisasları açıqlandı
Əmək bazarı sürətlə dəyişir və texnologiyanın inkişafı peşələrə olan tələbləri yenidən formalaşdırır. Süni intellekt, rəqəmsallaşma, kibertəhlükəsizlik, yaşıl iqtisadiyyat və yeni texnoloji həllər qarşıdakı illərdə bir sıra ixtisasların əhəmiyyətini daha da artıracaq. Bu dəyişikliklər fonunda gənclər üçün əsas suallardan biri də hansı ixtisasların gələcəkdə daha çox tələb görəcəyi və karyera baxımından daha geniş imkanlar yaradacağıdır.
Növbəti 5 il ərzində əmək bazarında hansı ixtisasların önə çıxacağı artıq indidən müəyyən istiqamətlər üzrə özünü göstərir. Bəzi sahələr ənənəvi əhəmiyyətini qoruyarkən, yeni texnologiyalarla bağlı ixtisasların isə həm gəlir, həm də karyera perspektivi baxımından daha cəlbedici mövqeyə yüksələcəyi gözlənilir.
Mövzu ilə bağlı təhsil eksperti Ramin Nurəliyev Crossmedia.az-a açıqlamasında bildirib ki, yaxın gələcəkdə süni intellektin əmək bazarına təsiri daha da güclənəcək:

"Süni intellekt texnologiyanı cənginə aldığı kimi, əmək bazarını da ciddi şəkildə dəyişəcək. Onun sözlərinə görə, süni intellekt inkişaf etdikcə bəzi sahələrdə işçi qüvvəsinə ehtiyac azalacaq. Məsələn, beş mühasibin çalışdığı şirkətdə mühasibatlıq proseslərinin böyük hissəsi süni intellekt proqramları vasitəsilə həyata keçirilərsə, həmin iş üçün daha az sayda mütəxəssis kifayət edə bilər. Eyni proses hüquq və digər sahələrdə də müşahidə oluna bilər.
Gələcəkdə müəllimlik də süni intellektin təsirindən kənarda qalmayacaq. Artıq inkişaf etmiş ölkələrdə müxtəlif fənlər üzrə süni intellekt əsaslı təhsil proqramlarının hazırlanması istiqamətində işlər aparılır. Belə sistemlər dərsin təqdim edilməsindən tapşırıqların yoxlanılmasına, testlərin hazırlanmasından şagirdlərin qiymətləndirilməsinə qədər müxtəlif funksiyaları yerinə yetirə bilər".
Ekspert vurğulayıb ki, bu proses istər-istəməz bəzi peşələr üzrə iş yerlərinin azalmasına gətirib çıxara bilər. Belə bir şəraitdə əmək bazarında öz mövqeyini qorumaq üçün insanın seçdiyi sahədə yüksək peşəkarlığa sahib olması vacib olacaq.
Hansı ixtisasa sahib olmasından asılı olmayaraq, hər bir mütəxəssis öz sahəsində ən yaxşı olmağa çalışmalıdır. Hüquqşünas, mühasib və ya müəllim üçün olduğu kimi, İT və kompüter mühəndisliyi sahəsində çalışanlar üçün də yüksək peşəkarlıq əsas şərtlərdən birinə çevriləcək. Onun sözlərinə görə, yalnız müəyyən sahədə çalışmaq deyil, həmin sahədə rəqabətə davamlı mütəxəssis olmaq gələcək əmək bazarında daha böyük əhəmiyyət daşıyacaq.
Ramin Nurəliyev hesab edir ki, İT yönümlü sahələrin inkişafı davam edəcək. Bununla yanaşı, süni intellektin təsirindən kənarda qalacağını düşünmək çətin olan peşələrdə də mütəxəssislərin öz bilik və bacarıqlarını davamlı şəkildə inkişaf etdirməsi lazım olacaq.
Zeynəb Həsən
14:45 08.10.2026
Oxunuş sayı: 54