Körpə yuxuda olarkən bunu etməyin - ölüm riski var
Körpələrdə yuxu zamanı təhlükəsizlik qaydalarına əməl olunmaması ciddi sağlamlıq riskləri yarada bilər. Xüsusilə yumşaq yataq səthləri, yastıq və yorğan kimi əşyaların körpənin yuxu mühitində olması, eləcə də düzgün olmayan yatış vəziyyəti boğulma və digər təhlükəli halların yaranma ehtimalını artıra bilər.
Bu səbəbdən körpənin yatdığı mühitin təhlükəsiz təşkili valideynlərin diqqət etməli olduğu əsas məsələlərdən biridir. Yuxu zamanı risklərin minimuma endirilməsi üçün körpənin necə və hansı şəraitdə yatızdırılması pediatrik sağlamlıq baxımından mühüm əhəmiyyət daşıyır.
Crossmedia.az-a açıqlamasında pediatr Elşən Tağıyev körpənin təhlükəsiz yuxusu üçün bir sıra vacib qaydalara əməl edilməsinin zəruri olduğunu bildirib:

“Ən vacib qaydalardan biri körpənin həmişə arxası üstə yatızdırılmasıdır. Körpə həm gecə yuxusunda, həm də gündüz mürgüsündə arxası üstə yatırılmalıdır. Yan və üzüüstə yatızdırmaq təhlükəsiz hesab edilmir. Bu qayda hətta reflüsü olan körpələrə də aiddir. Körpə artıq həm arxadan qarına, həm də qarından arxaya özü çevrilə bilirsə, yuxuya arxası üstə qoyulduqdan sonra seçdiyi vəziyyətdə qala bilər”.
Pediatr qeyd edib ki, körpənin yatdığı döşək sərt, düz və maili olmayan səthdən ibarət olmalıdır. “Ən təhlükəsiz seçim təhlükəsizlik standartlarına uyğun beşik və ya bassinetdə yalnız kip çarşafla örtülmüş sərt və düz döşəkdir. Maili döşəklər, hamaklar və körpənin başını yuxarı qaldıran səthlər təhlükəsiz sayılmır. Reflüyə görə döşəyi qaldırmaq da tövsiyə edilmir”.
Elşən Tağıyevin sözlərinə görə, körpənin yatağı mümkün qədər boş saxlanılmalıdır. “Yastıq, yorğan, yumşaq oyuncaq, beşik qoruyucusu, qalın örtük, “nest” və ya “pod” kimi məhsullar və digər yumşaq əşyalar körpənin yuxu yerində olmamalıdır. Təhlükəsiz yuxu sahəsində ideal olaraq yalnız döşək və kip çarşaf olmalıdır”.
Ekspert qeyd edib ki, digər mühüm məqam körpənin valideynlə eyni otaqda, amma ayrı yataqda yatmasıdır: “Körpənin valideynlərin otağında, lakin ayrıca beşikdə yatması tövsiyə olunur. Xüsusilə həyatın ilk 6 ayında buna diqqət edilməlidir. Eyni yataqda yatmaq təhlükəsiz yuxu hesab edilmir. Xüsusilə 4 aydan kiçik, vaxtından əvvəl doğulmuş və ya aşağı doğum çəkili körpələrdə yataq paylaşılması daha yüksək risk daşıyır”, - deyə pediatr bildirib.
Pediatr divan və kresloda körpə ilə birlikdə yuxuya getməyin də təhlükəli olduğunu vurğulayıb: “Körpə yumşaq səthdə sıxışa və ya böyüyün bədəni ilə səth arasında qala bilər”.
Elşən Tağıyev körpənin həddindən artıq bürünməməsinin də vacib olduğunu bildirib. “Körpənin başı örtülməməli və həddindən artıq isti saxlanılmamalıdır. Yorğan əvəzinə uyğun geyim və ya təhlükəsiz, çəkisiz yuxu kisəsi istifadə edilə bilər. Ağırlıqlı yorğan, ağırlıqlı yuxu kisəsi və ağırlıqlı bələmə məhsulları tövsiyə edilmir”.
Pediatr avtomobil oturacağı, yelləncək və digər oturaq cihazların rutin yuxu üçün təhlükəsiz olmadığını da diqqətə çatdırıb. “Körpə avtomobil oturacağında, yelləncəkdə və ya digər oturaq cihazda yuxuya gedərsə, mümkün qədər tez düz, sərt və təhlükəsiz yuxu səthinə keçirilməlidir”.
Elşən Tağıyev əlavə edib ki, əmizdirmə, peyvəndlərin vaxtında aparılması və yuxu zamanı əmzik təklif edilməsi də qəfil körpə ölümü riskinin azalması ilə əlaqələndirilən tövsiyələrdəndir. “Əmizdirilən körpədə əmzik əmizdirmə yaxşı formalaşdıqdan sonra təklif edilə bilər”.
Pediatrın sözlərinə görə, ən sadə yadda saxlama qaydası budur: “Körpə arxası üstə, sərt və düz döşəkdə, öz beşiyində və ətrafında yumşaq əşyalar olmadan yatmalıdır”.
Nigar Xəlilli
14:00 08.10.2026
Oxunuş sayı: 212