Turizmin yeni inkişaf modeli – Prezident sərəncam imzaladı
Azərbaycan turizm sektorunun inkişafında yeni mərhələyə qədəm qoyur. Prezident İlham Əliyevin 20 avqust 2026-cı il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” təsdiq edilib. Yeni proqram qarşıdakı beş il ərzində turizmin qeyri-neft-qaz iqtisadiyyatındakı rolunun artırılmasını, regionların turizm potensialının gücləndirilməsini, investisiyaların təşviqini, xidmət keyfiyyətinin yüksəldilməsini və sektorun rəqəmsallaşdırılmasını hədəfləyir. Dövlət Proqramında 2030-cu ilədək Azərbaycana səfər edən əcnəbi və vətəndaşlığı olmayan şəxslərin sayının 2,57 milyondan 3,8 milyona, xarici turistlərin xərclərindən turizm üzrə daxilolmaların isə 3,3 milyard manatdan 6,3 milyard manata çatdırılması nəzərdə tutulur. Bu hədəflər göstərir ki, yeni mərhələdə əsas məqsəd yalnız turist sayını artırmaq deyil, ölkəyə gələn hər bir turistin yaratdığı iqtisadi dəyəri yüksəltməkdir. Bəs yeni Dövlət Proqramı Azərbaycanın turizm sektorunda hansı dəyişikliklərə yol aça bilər? Turizmdə əsas prioritetlər nələr olacaq və qarşıya qoyulan hədəflərə çatmaq üçün hansı addımlar atılmalıdır?
Mövzu ilə bağlı turizm
eksperti Ceyhun Məmmədov Crossmedia.az-a açıqlamasında qeyd edib ki, Azərbaycanın
2026–2030-cu illər üçün yeni turizm Dövlət Proqramı sektor qarşısında yalnız
daha çox turist qəbul etmək deyil, turizmdən daha çox iqtisadi dəyər yaratmaq hədəfi
qoyur: “Məncə, proqramın ən mühüm tərəfi də məhz budur. Azərbaycan
Prezidentinin 20 avqust 2026-cı il tarixli Sərəncamı ilə “Azərbaycan
Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət
Proqramı” təsdiq edilib. Sənəddə turizmin qeyri-neft-qaz iqtisadiyyatındakı
rolunun artırılması, regionların rəqabət qabiliyyətinin gücləndirilməsi,
investisiyaların təşviqi, rəqəmsallaşma, xidmət keyfiyyəti, yeni turizm məhsulları
və insan kapitalının inkişafı əsas istiqamətlər kimi müəyyən edilir. İlk
baxışda bu, növbəti beş il üçün hazırlanmış geniş tədbirlər planı kimi görünə
bilər. Amma sənədin rəqəmlərinə və mexanizmlərinə diqqətlə baxdıqda, daha
fundamental dəyişiklik görünür: Azərbaycan turizmdə həcm əsaslı modeldən dəyər əsaslı
modelə keçməyə çalışır. 2030-cu il üçün Azərbaycana səfər edən əcnəbi və vətəndaşlığı
olmayan şəxslərin sayının 2025-ci ildəki 2,57 milyon nəfərdən təxminən 3,8
milyon nəfərə çatdırılması nəzərdə tutulur. Eyni dövrdə xarici turistlərin xərclərindən
turizm üzrə daxilolmaların 3,3 milyard manatdan 6,3 milyard manata yüksəldilməsi
hədəflənir. Turizm üçün xarakterik sahələrin qeyri-neft-qaz ÜDM-də payının isə
7,5 faizdən 8,6 faizə çatdırılması planlaşdırılır. Turist sayında nəzərdə
tutulan artım təxminən 48 faiz olduğu halda, turizm daxilolmalarının təxminən
iki dəfə artırılması planlaşdırılır. Sadə hesabla, bu, bir xarici turistdən əldə
edilən orta gəlirin də əhəmiyyətli şəkildə yüksəlməsini nəzərdə tutur. Məncə,
doğru istiqamət məhz budur”.
Ekspert qeyd edib ki, turizmin uğuru yalnız hava limanından neçə nəfərin keçməsi ilə ölçülməməlidir: “Ölkəyə gələn turistin neçə gün qalması, hansı xidmətlərdən istifadə etməsi, regionlara gedib-getməməsi, yerli biznesə nə qədər pul xərcləməsi və yenidən Azərbaycana qayıdıb-qayıtmaması daha vacib göstəricilərdir. Başqa sözlə, məsələ təkcə “Azərbaycana daha çox turist necə gətirək?” deyil. Yeni mərhələdə sual belə olmalıdır: “Azərbaycana gələn turist üçün necə daha çox dəyər yaradaq və həmin dəyərin daha böyük hissəsini ölkə iqtisadiyyatında saxlayaq?” Proqramda macəra və aktiv turizm, dağ-piyada marşrutları, vəhşi təbiətin müşahidəsi, mədəni turizm, “Böyük İpək Yolu”, qeyri-maddi mədəni irs, qış turizmi, sağlamlıq turizmi və qastronomiya kimi istiqamətlər ayrıca nəzərdə tutulur. Sağlamlıq turizmində beynəlxalq akkreditasiya, qastronomiyada beynəlxalq restoran bələdçilərinə inteqrasiya, mədəni turizmdə isə yerli irs əsasında interaktiv məhsulların yaradılması kimi konkret addımlar göstərilir. Bu yanaşmanı əhəmiyyətli hesab edirəm. Azərbaycanın uzunmüddətli perspektivdə yalnız kütləvi və qiymətə həssas turist uğrunda rəqabət aparması doğru strategiya olmazdı. Coğrafiyamız, təbiətimiz, mətbəximiz, kəndlərimiz, Naftalan kimi spesifik sağlamlıq resurslarımız, mədəni irsimiz bizə daha ixtisaslaşmış məhsullar yaratmağa imkan verir. Amma burada bir vacib fərq var: resursun olması hələ turizm məhsulunun olması demək deyil. Gözəl kənd turizm məhsulu deyil. Tarixi abidə öz-özlüyündə turizm məhsulu deyil. Yaxşı mətbəxin olması belə qastronomik turizm məhsulu yaratmır. Turist məhsulu o zaman yaranır ki, həmin resurs paketlənir, ona nəqliyyat, xidmət, bələdçi, rezervasiya, təhlükəsizlik, qiymət və satış kanalı əlavə olunur və turist bunu rahat şəkildə ala bilir. Növbəti mərhələdə əsas işimiz məhz bu olmalıdır: Azərbaycanın potensialını satıla bilən təcrübələrə çevirmək. Dövlət biznes riskinin bir hissəsini bölüşməyə başlayır Proqramın biznes üçün ən maraqlı hissələrindən biri yeni maliyyə və subsidiya mexanizmləridir. Sənəddə çarter uçuşlarının təşkilatçılarının xərclərinin kompensasiyası, hədəf bazarlara əlavə müntəzəm aviareyslərin subsidiyalaşdırılması, turizm əhəmiyyətli tədbirlərə maliyyə dəstəyi, yerləşmə infrastrukturu üzrə investorların subsidiyalaşdırılması, Azərbaycana xarici turist gətirən turoperatorlara subsidiya və mikro və kiçik turizm sahibkarlarına dəstək nəzərdə tutulur. Turizm və rekreasiya zonalarında müəyyən investisiya layihələri üzrə manat kreditlərinə faiz subsidiyası da planlaşdırılır. Bu, bazara əhəmiyyətli siqnaldır. Çünki yeni turizm məhsulunun yaradılmasında ən böyük problemlərdən biri ilkin riskdir. Sahibkar yeni marşrut yaradır, yeni hotel açır, yeni bazardan turist gətirməyə başlayır və ilk illərdə tələbin hansı səviyyədə olacağını dəqiq bilmir. Dövlət həmin başlanğıc riskinin müəyyən hissəsini paylaşdıqda özəl sektorun investisiya qərarı verməsi asanlaşır”.

Ekspert bildirib ki, burada mexanizmlərin necə qurulacağı çox vacib olacaq: “Fikrimcə, subsidiyalar sadəcə “neçə turist gətirdin?” prinsipi ilə məhdudlaşmamalıdır. Turistin gecələmə sayı, mövsümdənkənar dövrdə gəlməsi, regionlara səfəri, yaratdığı iqtisadi dəyər kimi indikatorları nəzərə alan ağıllı model daha effektiv ola bilər. Əks halda turist sayını artırıb iqtisadi təsiri aşağı saxlamaq riski yaranar. Turizmin ilk problemi reklam yox, əlçatanlıqdır Azərbaycan haqqında çox yaxşı reklam kampaniyası aparmaq mümkündür. Amma turist ölkəyə rahat və münasib qiymətə gələ bilmirsə, marketinqin effektivliyi müəyyən həddən sonra azalır. Bu baxımdan proqramda viza və aviasiya məsələlərinin ayrıca yer alması düzgün yanaşmadır. 2030-cu ilədək hədəf turizm bazarları üzrə vizasız rejimin tətbiq olunduğu ölkələrin sayının 34-ə çatdırılması nəzərdə tutulur. Bundan başqa çoxdəfəlik elektron vizaların təkmilləşdirilməsi, yeni elektron viza imkanları və 2027–2028-ci illərdə “rəqəmsal səyyah” viza altnövünün yaradılması planlaşdırılır.Eyni zamanda birbaşa uçuş coğrafiyasının genişləndirilməsi, aviabiletlərin əlçatanlığının artırılması və regional hava limanlarına aşağıbüdcəli aviaşirkətlərin cəlb olunması nəzərdə tutulur. Məncə, proqramın uğuruna ən böyük təsir göstərə biləcək istiqamətlərdən biri məhz budur. Turist qərar verərkən Azərbaycanı yalnız öz daxilində qiymətləndirmir. Bizi Tbilisi, İstanbul, Almatı, Dubay və başqa alternativ istiqamətlərlə müqayisə edir. Viza rahatlığı, uçuş saatı, bilet qiyməti və birbaşa reysin mövcudluğu həmin qərarın bir hissəsidir. Bu səbəbdən turizm siyasəti ilə aviasiya siyasətinin bir-birindən ayrı idarə olunması mümkün deyil. Aprel, may və oktyabr: turizmin gizli ehtiyatı Azərbaycan turizminin digər sistemli problemi mövsümilikdir. Dövlət Proqramının təhlilinə görə, yerləşmə xidmətlərindən əldə edilən gəlirlərin 51,2 faizi ilin cəmi beş ayının payına düşür. Aprel, may və oktyabr aylarında isə gəlirlər orta aylıq göstəricidən cəmi 0–10 faiz aşağıdır. Proqram həmin üç ayı potensial turizm mövsümü kimi qiymətləndirir. Bu, çox vacib rəqəmdir. Çünki yeni bir turizm mövsümü sıfırdan yaratmaq lazım deyil. Mövcud tələb əyrisinin kənarında artıq üç ay dayanır. Düzgün tədbir təqvimi, qiymət siyasəti, qastronomiya, sağlamlıq və aktiv turizm məhsulları, konfranslar, festivallar və qısa həftəsonu paketləri ilə həmin dövrü aktivləşdirmək mümkündür. Hətta deyərdim ki, aprel, may və oktyabr Azərbaycan turizminin ən ucuz böyümə ehtiyatlarından biridir. Çünki burada yeni mövsüm yaratmaqdan çox, artıq mövcud olan potensialı monetizasiya etmək tələb olunur. Rəqəmsallaşma: yeni portal yaratmaq kifayət etməyəcək Proqramda vahid Turizm İnformasiya Sisteminin yaradılması, “Azerbaijan.travel” platformasının inkişaf etdirilməsi, nəqliyyat məlumatlarının rəqəmsal standartlara keçirilməsi, audiobələdçilərin hazırlanması və turizm xidmətlərinin rəqəmsallaşdırılması nəzərdə tutulur. Məqsəd turistin səyahəti arzuladığı andan planlaşdırma, rezervasiya, təcrübə və səfərdən sonrakı mərhələyə qədər rəqəmsal xidmətlərin inkişaf etdirilməsidir. Bu istiqamətdə bir məqamı xüsusi vurğulamaq istəyirəm: rəqəmsallaşmanı sadəcə yeni sayt və ya mobil tətbiq yaratmaq kimi başa düşmək olmaz. Turist üçün vacib olan sistemin arxasındakı inteqrasiyadır. O, marşrutu görürsə, oradaca nəqliyyatı yoxlaya, hotel seçə, tur ala, bilet əldə edə və ödəniş edə bilməlidir. Yerli turizm şirkətləri də məhsullarını qlobal B2B və B2C satış kanallarına rahat çıxara bilməlidirlər. Rəqəmsal turizm platformasının əsas göstəricisi istifadəçi sayı deyil, yaratdığı satış olmalıdır. Xidmət keyfiyyəti olmadan premium turizm mümkün deyil Proqramın ən kritik hissələrindən biri də insan kapitalıdır. Mövcud vəziyyətin təhlilində göstərilir ki, 2023-cü ildə turizm ixtisasları üzrə təhsilini tamamlayanların sayı cəmi 1,9 min nəfər olduğu halda, təkcə yerləşdirmə və ictimai iaşə sahələrində 8,8 min nəfər yeni muzdlu işçi işə qəbul edilib. Turist sorğularında isə əsas narazılıqlar qiymət, gigiyena və müştəri xidməti ilə bağlı olub. Proqram buna cavab olaraq ikili diplom proqramlarının genişləndirilməsini, ikili peşə təhsilini, əmək bazarına uyğun proqramları, peşə kurslarını və ixtisaslaşmış təlimləri nəzərdə tutur. Məncə, bu, bütün strategiyanın ən həssas nöqtəsidir. Biz premium hotel tikə, bahalı restoran aça və çox yaxşı reklam edə bilərik. Amma müştəri ilə təmasda olan insanın peşəkarlığı aşağıdırsa, turistin yaddaşında qalan məhz həmin xidmət olacaq. Yüksək gəlirli turist daha çox pul ödəməyə hazırdır, amma bunun əvəzində daha yüksək standart tələb edir. Ona görə insan kapitalına qoyulan investisiya turizm sektorunda əlavə xərc deyil — məhsulun özüdür. Əsas məsələ proqramın olması deyil, necə icra olunmasıdır”.
C.Məmmədov qeyd edib ki, Yeni
Dövlət Proqramının güclü tərəflərindən biri də sənədin yalnız ümumi hədəflər müəyyən
etmir: “Turizm idarəetməsi, tənzimləmə, regionlar, marketinq, turizm məhsulları,
rəqəmsallaşma, statistika, investisiya və insan resursları daxil olmaqla doqquz
prioritet istiqamət müəyyənləşdirilib və tədbirlər üzrə icra müddətləri və nəticə
indikatorları göstərilib. Bununla belə, qarşıdakı illərdə əsas məsələ sənədin
keyfiyyətindən çox icranın keyfiyyəti olacaq. Mən burada dörd məsələni xüsusilə
vacib hesab edirəm: dövlət qurumları arasında real koordinasiya, bizneslə
davamlı dialoq, subsidiya və təşviq mexanizmlərinin şəffaf və proqnozlaşdırılan
olması, nəticələrin isə mütəmadi olaraq açıq data əsasında ölçülməsi. Turizmdə
dövlət təkbaşına məhsul yarada bilməz. Özəl sektor isə nəqliyyat, viza,
infrastruktur və böyük bazar risklərini təkbaşına həll edə bilməz. Uğurlu model
bu iki tərəfin eyni istiqamətdə işlədiyi modeldir. 2026–2030-cu illər üçün Dövlət
Proqramı bunun üçün kifayət qədər geniş çərçivə yaradır. İndi əsas sual budur:
biz bu çərçivəni real turist təcrübəsinə və real biznes gəlirinə nə qədər sürətlə
çevirə biləcəyik? Əgər nəzərdə tutulan mexanizmlər vaxtında və düzgün tətbiq
olunarsa, 2030-cu ildə uğuru yalnız Azərbaycana gələn turistlərin sayında görməyəcəyik.
Uğur turistin ölkədə daha uzun qalmasında, daha çox regiona getməsində, daha
çox yerli məhsul və xidmət almasına, sahibkarların yeni məhsullar yaratmasına və
turizmin daha böyük iqtisadi dəyər formalaşdırmasına baxaraq ölçüləcək. Məncə,
yeni Dövlət Proqramının verdiyi ən mühüm mesaj da budur: Azərbaycan turizminin
növbəti mərhələsi daha çox turist toplamaq yarışı deyil. Daha çox dəyər
yaratmaq yarışıdır”.
Ayhan
14:45 21.08.2026
Oxunuş sayı: 59