Sosial şəbəkədə yüzlərlə “dost”, həyatda isə heç kim – İnsanlar niyə tənhalaşır?
Müasir dövrdə rəqəmsal platformalar vasitəsilə minlərlə insanla əlaqə qurmaq mümkün olsa da, real və dərin bağların sayı durmadan azalır. Həyatımızın hər sahəsində tanışların və sosial şəbəkə "dostlarının" sayı artır, lakin dar gündə arxada duracaq həqiqi dost tapmaq getdikcə çətinləşir. Bu tendensiya təsadüfi deyil, əksinə, sürətli həyat tərzi və dəyişən sosial dəyərlərin qaçılmaz nəticəsidir. İnsan yaşa dolduqca vaxtın dəyərini daha yaxşı anlayır və səthi ünsiyyətdənsə enerjisini şəxsi inkişafına və ya ailəsinə sərf etməyə üstünlük verir. Eyni zamanda, gündəlik qayğılar, peşəkar məqsədlər və məsafələr köhnə münasibətlərin təbii şəkildə soyumasına yol açır. Güvən probleminin artması və hər kəsin öz kiçik "komfort zonasına" çəkilməsi də yeni dostluqların yaranmasını əngəlləyən əsas amillərdəndir. Nəticədə, kəmiyyət artdıqca keyfiyyət azalır və insan izdiham içində belə tənha qala bilir.

Məsələ ilə bağlı psixoloq Narınc Rüstəmova Crossmedia.az-a açıqlamasında bildirib ki, günümüzdə elektron cihazların həyatımıza daxil olması ünsiyyəti daha əlçatan edib:
"Bir videozəng vasitəsilə dünyanın ən ucqar ölkəsində yaşayan, istədiyimiz və sevdiyimiz insanla əlaqə saxlaya, WhatsApp mesajı ilə rahatlıqla ünsiyyət qura bilirik. Bu isə zaman keçdikcə insanların fiziki görüşməsinə və üz-üzə ünsiyyətinə olan ehtiyacı müəyyən qədər azaldır. Amma bu, tənhalıq və ya yalnızlıq demək deyil. Əgər insan elektron vasitələrlə ünsiyyət qurur, dostları və yaxınları ilə əlaqə saxlayırsa, həmin insan yalnız deyil, sadəcə ünsiyyətin forması dəyişib.
Müasir dövrü əvvəlki illərlə müqayisə etdikdə, ciddi fərqlər görürük. Əvvəllər qonşular bir-birinin evinə rahatlıqla gedər, məsələn, bir stəkan şəkər almaq üçün qapını döyərdilər. Bu gün isə bir düymə ilə istənilən məhsulu mağazadan sifariş edib evə gətizdirmək mümkündür. Bu da elektron cihazların və texnologiyanın həyatımıza gətirdiyi rahatlıqlardan biridir.
Sadəcə, müasir dövrə uyğunlaşmaq bəzi insanlar, xüsusilə yaşlı nəsil üçün daha çətin ola bilər. Lakin yeniliklərə və dəyişən ünsiyyət formalarına uyğunlaşa bilən insan mütləq şəkildə yalnız qalacaq deyə bir qayda yoxdur.
Əsl yalnızlıq mənəvi və daxili hissdir. Ətrafınızda yüzlərlə insan ola bilər, amma siz özünüzü tək hiss edə bilərsiniz. Bu halda artıq həyəcan təbilinin çalması və problemin səbəblərinin araşdırılması lazımdır.
Elektron cihazlar vasitəsilə ünsiyyət qurmaq, sosial şəbəkələrdə insanlarla tanış olmaq və dostluq etmək yalnızlıqla qarışdırılmamalıdır. Yalnızlıq çoxsaylı insanların arasında belə özünü tək hiss etməkdir.
İnsan sosial varlıqdır və daim ünsiyyətə, dostluğa, insanlarla aktiv əlaqədə olmağa ehtiyac duyur. Bu əlaqələr insanın özünü daha şən, enerjili və motivasiyalı hiss etməsinə kömək edə bilər. Ona görə də hər kəsə bol ünsiyyətli, sağlam sosial münasibətlərlə zəngin həyat arzulayıram".
Beləliklə, müasir texnologiyalar insanların ünsiyyət imkanlarını azaltmaqdan daha çox, onun formasını dəyişib. Əsas məsələ isə insanın neçə nəfərlə əlaqədə olması deyil, həmin münasibətlərin nə qədər səmimi və etibarlı olmasıdır. Rəqəmsal platformalar vasitəsilə qurulan münasibətlər real dostluqları tam əvəz etməsə də, insanın sosial əlaqələrini qorumasına və genişləndirməsinə imkan yaradır. Əsl tənhalıq isə ətrafında insanların olub-olmamasından deyil, insanın özünü nə qədər bağlı və dəyərli hiss etməsindən asılıdır.
Nuray Oqtayqızı
18:29 06.10.2026
Oxunuş sayı: 56