Yuxusuz qalanların diqqətinə - Qan təzyiqi yarana bilər
Yuxusuz qalmaq və gecə saatlarında kifayət qədər yatmamaq orqanizmin normal fəaliyyətinə mənfi təsir göstərə bilər. Davamlı yuxu çatışmazlığı həm fiziki, həm də psixoloji problemlərə səbəb olmaqla yanaşı, gündəlik fəaliyyət və diqqət səviyyəsini də aşağı sala bilər. Bəs yuxusuz qalmaq və gecə yatmamaq hansı problemlərə yol aça bilər?
Mövzu ilə bağlı psixoloq-psixoterapevt Almara Məlikova Crossmedia.az-a açıqlamasında bildirib ki, yuxu insanın həm fiziki, həm də psixoloji sağlamlığının qorunmasında əsas amillərdən biridir. Onun sözlərinə görə, yuxunu yalnız orqanizmin istirahət etdiyi zaman kimi qiymətləndirmək doğru deyil: “Yuxu zamanı beyin gün ərzində qəbul etdiyi məlumatları emal edir, yaddaş və öyrənmə prosesləri möhkəmlənir, emosional tarazlığın və sinir sisteminin bərpası baş verir. Elmi araşdırmalar göstərir ki, davamlı yuxu çatışmazlığı ilk növbədə diqqət, yaddaş, qərarvermə və reaksiya sürətinə mənfi təsir edir. İnsan kifayət qədər yatmadıqda gündəlik işlərdə daha çox səhvə yol verə, diqqətini toplamaqda və öyrəndiyi məlumatı yadda saxlamaqda çətinlik çəkə bilər. Uzun müddət davam edən yuxusuzluq emosional vəziyyətə də təsir göstərərək əsəbilik, gərginlik, əhval dəyişkənliyi və narahatlığın artmasına səbəb ola bilər”.

A.Məlikova qeyd edib ki, yuxusuzluğun təsiri yalnız psixoloji deyil, fiziki sağlamlıqla da bağlıdır: “Kifayət qədər və keyfiyyətli yuxunun olmaması immun sisteminin fəaliyyətinə, hormonal və metabolik proseslərə də təsir göstərir. Xroniki yuxu çatışmazlığı piylənmə, 2-ci tip diabet, yüksək qan təzyiqi və ürək-damar xəstəlikləri riskinin artması ilə əlaqələndirilir. Burada gecə saatlarında yatmağın əhəmiyyətini də qeyd etmək lazımdır. Orqanizmimizin sirkadiyal ritm adlanan daxili bioloji saatı var. Gecələr davamlı oyaq qalmaq və gündüz yatmaq bu təbii ritmlə uyğunsuzluq yarada bilər. Buna görə yalnız neçə saat yatdığımız deyil, yuxunun müntəzəmliyi, keyfiyyəti və bioloji ritmə uyğunluğu da əhəmiyyətlidir. Mənim fikrimcə, müasir həyat tərzində insanların ən çox yol verdiyi səhvlərdən biri yuxudan vaxt qazanmağa çalışmaqdır. Əslində isə yuxudan qazandığımızı düşündüyümüz bir neçə saatın əvəzini ertəsi gün diqqətin, enerjinin və əmək qabiliyyətinin azalması ilə ödəyə bilərik. Sağlam və kifayət qədər yuxu vaxt itkisi deyil, insanın fiziki və psixoloji sağlamlığına qoyduğu ən vacib sərmayələrdən biridir”.
Zərnigar Hüseynli
17:30 20.08.2026
Oxunuş sayı: 52