Yaponiya Putinin səfərinə görə Rusiyaya qarşı tədbir hazırlayır
Yaponiya hökuməti Rusiya Prezidenti Vladimir Putinin İturup adasına səfəri ilə bağlı Moskvaya qarşı hansı tədbirlərin görüləcəyini nəzərdən keçirir.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumat xarici KİV-də yayılıb.
Yaponiya Nazirlər Kabinetinin baş katibi Minoru Kihara bildirib ki, hökumət Rusiya ilə bağlı tədbirləri diqqətlə nəzərdən keçirir.
Onun sözlərinə görə, bu məsələ ilə bağlı Yaponiyanın mövqeyini daha əvvəl Baş nazir Sanae Takaçi və xarici işlər naziri Toşimitsu Motegi açıqlayıb. Yaponiyanın Rusiyadakı səfiri Akira Muto da Tokionun mövqeyini Rusiya tərəfinə çatdırıb.
Kihara Rusiya xarici işlər naziri Sergey Lavrovun məsələ ilə bağlı açıqlamalarını şərh etməkdən çəkinib.
Bundan əvvəl, Rusiya Xarici İşlər Nazirliyi Yaponiyanın Rusiyadakı səfirini çağıraraq Baş nazir Sanae Takaçinin Putinin İturup adasına səfəri ilə bağlı Rusiyaya qarşı açıqlamalarına etiraz edib.
Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin də daha əvvəl Yaponiyanın Rusiyadakı səfirinə etirazını bildirib. Ona Rusiyanın Cənubi Kuril adaları üzərində suverenliyinin və yurisdiksiyasının dəyişməz olduğu vurğulanıb.
Qeyd edək ki, Vladimir Putin avqustun 13-də ilk dəfə şəxsən Kuril adalarına səfər edib. Bundan sonra Yaponiyanın Xarici İşlər Nazirliyi Rusiya prezidentinin səfərinə etirazını bildirib.
16:52 20.08.2026
Oxunuş sayı: 48