150 nömrəli avtobusda SƏHLƏNKARLIQ – uşaq yaralandı
Bakıda 150 nömrəli avtobusda uşaq qapının arasında qalaraq xəsarət alıb.
Crossmedia.az xəbər verir ki, dünən saat 17:00–18:00 radələrində iki azyaşlı uşağ 90-JQ-261 dövlət nömrə nişanlı 150 nömrəli avtobusla gedib. Onlar dayanacaqda avtobusdan düşmək istəyərkən sürücü uşaqların tam düşməsini gözləmədən qapıları bağlayıb.
Bunu uşağın anası söyləyib.
Nəticədə uşaqlardan birinin ayağı qapının arasında qalıb. Uşağın ayağı ciddi xəsarət alıb və qanama baş verib.
Ananın bildirdiyinə görə, sürücü uşaqları avtobusdan düşürdükdən sonra baş verən hadisəyə görə üzr istəmədən hərəkətini davam etdirib.
“BakuBus” şirkətindən bildirilib ki, 150 nömrəli avtobusun fəaliyyəti ilə bağlı şikayət dərhal nəzarətə götürülüb. Hadisə avtobusun salonundakı müşahidə kameralarının görüntüləri əsasında operativ şəkildə araşdırılıb.
Şirkətin açıqlamasında bildirilib ki, görüntülərə əsasən, sərnişinlərin düşməsi zamanı sürücü ehtiyatsız və tələsik davranıb və nəticədə qapılar vaxtından əvvəl bağlanıb.
“BakuBus” baş verən xoşagəlməz hadisəyə görə təəssüfünü bildirib. Sürücü barəsində daxili intizam qaydalarına uyğun tədbir görüləcəyi açıqlanıb.
Şirkət sərnişinlərin, xüsusilə uşaqların təhlükəsizliyinin əsas prioritet olduğunu vurğulayıb. Belə halların təkrarlanmaması üçün sürücülərlə müvafiq təlimatlandırmaların aparılacağı və nəzarətin gücləndiriləcəyi qeyd olunub.(Lent.az)
16:06 20.08.2026
Oxunuş sayı: 66