CNN-in Bakıda nümayəndəlik açmasına şərait yaratmalıyıq - Qulu Məhərrəmli
Azərbaycanın CNN-ə qarşı məhkəmə iddiası beynəlxalq medianın ölkə ilə bağlı yayımladığı məlumatların obyektivliyi məsələsini yenidən gündəmə gətirib. Məsələ yalnız konkret yayımların məzmunu ilə məhdudlaşmır, eyni zamanda Azərbaycanın beynəlxalq media qurumları ilə münasibətlərinin necə qurulması sualını da aktuallaşdırır. Ekspertlər hesab edir ki, nüfuzlu beynəlxalq media qurumları ilə əlaqələrin genişləndirilməsi və qarşılıqlı informasiya mübadiləsinin gücləndirilməsi ölkə haqqında daha dolğun təsəvvürün formalaşmasına kömək edə bilər. Digər tərəfdən, məhkəmə prosesinin nəticəsi beynəlxalq media qurumlarının Azərbaycana dair gələcək yayım siyasətinə təsir göstərə biləcək amillərdən biri kimi qiymətləndirilir.
Professor Qulu Məhərrəmli Crossmedia.az-a CNN-in Azərbaycana qarşı qərəzli yanaşmasının səbəblərindən və məhkəmə qərarının mümkün nəticələrindən danışıb:
“Əvvəla deyim ki, hər hansı media qurumunun hansısa ölkəyə, şəxsə və ya hadisəyə qarşı qərəzli yanaşması müvəqqəti haldır. Bu, hadisələrdən doğan, proseslərin nəticəsi olan və onun bir hissəsi kimi ortaya çıxan təzahürdür.
CNN, əlbəttə, transmilli yayım şirkətidir. Dünyada geniş yayılan və qəbul olunan media qurumlarından biridir. Fasiləsiz informasiya yayımı ilə məşğuldur. Belə bir telekanalın Azərbaycana qarşı qərəzli davranması, əlbəttə ki, təəssüf doğurur.
Biz bu media qurumları ilə əlaqələrimizi genişləndirməliyik. Onların burada nümayəndəlik açmasına və fəaliyyət göstərməsinə şərait yaratmalıyıq. Azərbaycanı onlara tanıtmalıyıq. Azərbaycandakı ayrı-ayrı media qurumları da nüfuzlu beynəlxalq şirkətlərlə əlaqələr qurmağa, informasiya mübadiləsi aparmağa cəhd göstərməlidir. Bu, əlbəttə ki, işin xeyrinədir.

Məhkəmə prosesinə gəldikdə isə hesab edirəm ki, məhkəmənin qərarı istər CNN, istər BBC, istərsə də “The Washington Post” olsun, istənilən media qurumu üçün, xüsusən Qərbdə, prioritet qərardır və onlar məhkəmə qərarına tabe olmağa borcludurlar.
Əgər məhkəmə uyğun qərar çıxararsa, bunun həmin qurumun yayım siyasətinə birbaşa təsiri olacaq”.
Zeynəb Həsən
16:30 19.08.2026
Oxunuş sayı: 53