KİV: Köhnə dünya nizamı dağılır, ölkələr qlobal xaosa hazırlaşır
ABŞ-nin onilliklər ərzində formalaşdırdığı beynəlxalq sistemin zəiflədiyi və dünyanın parçalanma, regional münaqişələr və qeyri-müəyyənlik dövrünə daxil olduğu bildirilir.
Crossmedia.az xəbər verir ki, “Foreign Affairs” bu barədə məqalə dərc edib.
Nəşr mövcud beynəlxalq nizamı Çində yarımçıq qalmış tikililər üçün istifadə olunan “lanwei lou” ifadəsi ilə müqayisə edib. Bildirilir ki, ABŞ tərəfindən uzun illər dəstəklənən sistem hazırda yarımçıq vəziyyətdə qalıb.
Məqalədə qeyd olunur ki, Vaşinqton əvvəlki xərcləri üzərinə götürmək istəmir, Çin və Rusiya mövcud qaydaları heç vaxt tam şəkildə qəbul etməyib, digər böyük dövlətlər isə ABŞ-nin yerini tutmağa tələsmirlər.
Bu vəziyyətin dünya siyasətində parçalanmanı gücləndirdiyi, regional münaqişələrin artdığı və ticarət, texnologiya, maliyyə, enerji və logistikanın təzyiq vasitəsinə çevrildiyi vurğulanır.
Nəşrin qənaətinə görə, dövlətlər bundan sonra vahid dünya nizamına daha az, öz müdafiə imkanlarına, texnoloji suverenliyə və çevik ittifaqlara daha çox güvənməli olacaqlar.
Məqalədə bildirilir ki, davamlı qeyri-müəyyənliyə ən sürətli uyğunlaşa bilən ölkələr yeni şəraitdə daha uğurlu olacaq.
14:04 19.08.2026
Oxunuş sayı: 50