Avropalılar yerli məhsula üstünlük istəyir: Aİ-də yeni fikir ayrılığı
Avropa İttifaqında(Aİ) seçicilərin böyük hissəsi dövlət satınalmalarında ölkə daxilində istehsal olunan məhsullara üstünlük verilməsini dəstəkləyir.
Crossmedia.az xəbər verir ki, bu barədə “Politico” “Public First” şirkətinin 25 ölkədə keçirdiyi sorğunun nəticələrinə istinadən məlumat yayıb.
Sorğu Aİ-nin Avropa şirkətlərini dövlət müqavilələrində daha üstün mövqeyə gətirməyi nəzərdə tutan “Industrial Accelerator Act” qanun layihəsi üzərində müzakirələr apardığı bir vaxtda açıqlanıb.
Avropa Komissiyası dövlət satınalmalarında Avropa istehsalı məhsullara üstünlük verməklə yerli sənayenin inkişafını sürətləndirməyə çalışır. Dövlət satınalmaları Aİ iqtisadiyyatının təxminən 17 faizini təşkil edir.
Lakin sorğunun nəticələri göstərir ki, seçicilər ümumilikdə Avropa məhsullarından daha çox öz ölkələrində istehsal olunan məhsullara üstünlük verilməsini istəyirlər. “Public First”in sorğusunda iştirak edən 25 ölkədən 23-də respondentlər yerli məhsullara üstünlük verilməsinə daha çox dəstək göstəriblər.
Sorğuya əsasən, yerli məhsullara üstünlük verilməsinə orta dəstək 50 faizdən bir qədər yüksək olduğu halda, Aİ daxilində istehsal olunan məhsullara üstünlük verilməsinə dəstək 50 faizdən aşağı olub.
“Project Tempo” beyin mərkəzinin nümayəndəsi Lyuk Şor bildirib ki, Avropanın əksər hissəsində insanların mövqeyində milli yanaşma Avropa yanaşmasından daha güclüdür.
Aİ-nin planlaşdırdığı yeni sənaye siyasətinin əsas məqsədlərindən biri Çin məhsullarının ixrac üstünlüyünə qarşı Avropa sənayesini gücləndirməkdir. Bununla belə, yerli istehsala üstünlük verilməsi ilə bağlı yanaşmalar üzv ölkələr arasında ciddi fərqlənir.
12:37 19.08.2026
Oxunuş sayı: 49