Kanallarda yeni təhlükə - Niyə tədbir görülmür?
Son vaxtlar su kanallarında boğulma hallarının sayı kəskin şəkildə artıb. Tovuzda su kanalında iki meyitin aşkarlanması su hövzələrində təhlükəsizlik məsələsini yenidən gündəmə gətirib. Maraqlıdır ki, nə üçün kanal qıraqlarında xəbərdarlıq nişanları, yaxud müəyyən bariyerlər qoyulmur? Bir neçə gün ard-arda kanalda boğulma hadisələri baş verir. Bəs təhlükəsizlik tədbirləri nə üçün görülmür?
Mövzu ilə bağlı təhlükəsizlik eksperti Samir Nəbiyev Crossmedia.az-a bildirib ki, su kanallarında təhlükəsizliyin təmin olunması üçün müxtəlif formalı baryerlər və çəpərləyici lentlərdən istifadə etmək mümkündür. Lakin əsas məsələ bu tədbirlərin nə dərəcədə effektiv olmasıdır.
Onun sözlərinə görə, risklərin idarə olunmasında əsas tədbirlərdən biri xəbərdarlıq nişanlarının, digəri isə baryerlərin quraşdırılmasıdır: “Burada hər hansı formada baryerlər, çəpərləyici lentlər tətbiq oluna bilər. Amma əsas məsələ onların nə dərəcədə effektiv olmasıdır. Təhlükəsizlik sahəsində risklərin idarə olunmasının əsas istiqamətlərindən biri xəbərdarlıq nişanları, digəri isə baryerləmədir. Burada belə bir sual yaranır: minlərlə kilometr uzunluğunda kanalı başdan-başa hasarlamaq nə dərəcədə realdır və nə dərəcədə zəruridir? Ona görə də düzgün risk qiymətləndirilməsi aparılmalıdır. Kritik nöqtələr müəyyənləşdirilməli və xəritələnməlidir. Yaşayış məntəqələrindən keçən, məktəblərin və piyada marşrutlarının yaxınlığında yerləşən kanal hissələri qoruyucu çəpərlərlə təmin olunmalıdır. Yol kənarından keçən kanal sahələrində avtomobillərin təhlükəsizliyi üçün qoruyucu yol sədləri quraşdırılmalıdır. Xəbərdarlıq nişanları isə həm məzmun, həm də vizual baxımdan təsirli olmalıdır. Sadəcə “Çimmək qadağandır” yazısı kifayət deyil. Nişanlarda suyun sürətli axını, dərinliyi, beton səthin sürüşkən olması və digər təhlükələr barədə ətraflı məlumat verilməlidir. İnsanlara təhlükənin ciddiliyini aydın şəkildə göstərmək lazımdır”.

S.Nəbiyev bildirib ki, kritik nöqtələrdə xilasetmə vasitələrinin yerləşdirilməsi də vacibdir: “Belə ərazilərdə xilasetmə halqası, kəndir, pilləkən və digər xilasetmə vasitələri olmalıdır. Paralel olaraq alternativ imkanlar da yaradılmalıdır. Rayonlarda təhlükəsizlik tələblərinə cavab verən çimərlik zonaları və hovuzlar olmadıqca insanlar qadağan olunmuş ərazilərdən istifadə etməyə davam edəcəklər. Hətta bu halda çəpərləyici lentləri aşacaq, məlumat lövhələrinə və xəbərdarlıq nişanlarına da əhəmiyyət verməyəcəklər. Məktəblərdə və icmalarda maarifləndirmə işləri gücləndirilməlidir. Bu istiqamətdə orta və digər təhsil müəssisələrinin, qeyri-hökumət təşkilatlarının və ictimai birliklərin üzərinə də mühüm məsuliyyət düşür. Eyni zamanda çəpərlərə və xəbərdarlıq nişanlarına hər hansı formada zərər vuran şəxslər müvafiq inzibati məsuliyyətə cəlb olunmalı və ya cərimələnməlidir. Hətta qadağan olunmuş ərazilərdə çimən şəxslərə qarşı da cərimələrin tətbiqi bu tədbirlərin effektivliyini artıra bilər”.
Zərnigar Hüseynli
11:30 19.08.2026
Oxunuş sayı: 54