ABŞ ölkələrə süni intellekt seçimində təzyiq göstərəcək
ABŞ Çinlə süni intellekt sahəsində rəqabəti gücləndirərək tərəfdaş ölkələr qarşısında yeni tələb qoymağa hazırlaşır. Vaşinqtonun bir sıra dövlətlərdən ABŞ və Çin tərəfindən yaradılan alternativ təşəbbüslər arasında seçim etməsini istəyəcəyi bildirilir. Bu addımın əsas məqsədi süni intellekt və yarımkeçiricilər sahəsində strateji üstünlüyü qorumaqdır.
Crossmedia.az xəbər verir ki, “Reuters” ABŞ Dövlət Departamentinin məktub layihəsinə istinadən yazıb ki, Vaşinqton 35 ölkəyə müraciət etməyi planlaşdırır. Sənədə əsasən, ABŞ tərəfdaşlığı çərçivəsində olan ölkələrə Çinin rəqib strukturlarında paralel iştirak edəcəkləri təqdirdə Vaşinqtonla əməkdaşlıqdan kənarlaşdırıla biləcəkləri barədə xəbərdarlıq ediləcək.
Ötən il yarımkeçiricilər, süni intellekt modelləri və nadir minerallar üzrə təchizat zəncirlərinin qorunması məqsədilə yaradılan “Pax Silica” təşəbbüsünə Yaponiya, Cənubi Koreya, Avstraliya və Qazaxıstan da qoşulub. Qazaxıstanın Pekinin yaratdığı süni intellekt üzrə beynəlxalq əməkdaşlıq təşkilatına da üzv olması isə ABŞ-da narahatlıq yaradıb.
15:24 15.08.2026
Oxunuş sayı: 38