Ebola təhlükəsi: Azərbaycanda vəziyyət necədir?
Konqo Demokratik Respublikasında davam edən Bundibugyo virusu epidemiyası genişlənməkdə davam edir. ÜST-nin məlumatına görə, sentyabrın 23-dək ölkədə 7 890 təsdiqlənmiş yoluxma və 3 799 ölüm qeydə alınıb, ölüm faizi 48,1 faiz təşkil edib.
Ebolanın yüksək ölüm göstəricisində xəstəliyin ağır gedişi ilə yanaşı, gec aşkarlanma və tibbi yardıma gec müraciət də mühüm amillər sırasında göstərilir. ÜST erkən diaqnostikanın və vaxtında dəstəkləyici müalicənin sağqalma şansını artırdığını bildirir. Bəs Ebolanın ağırlaşmasının qarşısını almaq üçün xəstəliyin erkən mərhələdə müəyyənləşdirilməsi nə dərəcədə vacibdir?
Crossmedia.az-a açıqlamasında həkim Şahvələd Məmmədov Ebola virusunun Azərbaycanda yayılma ehtimalının aşağı olduğunu bildirib. O qeyd edib ki, Ebola qrip kimi hava-damcı yolu ilə yayılan xəstəlik deyil və əsasən qan, tüpürcək, nəcis, sidik və digər bioloji ifrazatlarla birbaşa təmas zamanı insandan insana keçə bilər.
Ebola virusunun yoluxma xüsusiyyətlərinə diqqət çəkən həkim xəstəliyin daha çox Afrika ölkələrində, o cümlədən Konqoda yayıldığını bildirib: “Birincisi, Ebola virusu Cənubi Afrika ölkələrində, o cümlədən Konqoda, Zairdə və digər Afrika ölkələrində daha çox yayılmışdı. Ebola virusu bulaşıcılıq baxımından, yəni qrip kimi hava-damcı yolu ilə yoluxan xəstəlik deyil. Bu, əsasən, bilavasitə qanla, tüpürcəklə, nəcislə, sidik ifrazatı ilə və digər ifrazat yolları ilə təmasda olarkən insandan insana yoluxa bilər”.
Şahvələd Məmmədov Azərbaycanda Ebola virusunun yayılması üçün epidemioloji şəraitin hazırda əlverişli olmadığını düşünür: “Virus infeksiyasının yayılması üçün epidemioloji şərait olmalıdır. Bizim ölkəmizdə Ebola virusunun yayılması üçün belə bir epidemioloji şərait demək olar ki, yoxdur. Nəzərə alsaq ki, ölkəmizdə karantin dövrü hələ də müşahidə olunur və quru sərhədlər bağlıdır, bu, bir çox ölkələrdən, o cümlədən Afrika ölkələrindən kütləvi insan girişinin məhdudlaşmasına gətirib çıxarıb”.
Həkim ölkəyə giriş zamanı şübhəli şəxslərin müəyyənləşdirilməsi və zərurət olduqda karantinə alınması ilə bağlı tədbirlərə də toxunub: “Bu barədə Səhiyyə Nazirliyinin SOS siqnalları da mövcuddur, aidiyyəti qurumlar məlumatlandırılıb. Həmin ölkələrdən ölkəmizə girən şəxslər gömrük məntəqələrində ciddi yoxlanılır. Lazım gəldikdə, şübhəli şəxslər ölkəyə buraxılmır və yaxud karantinə alınır”.
Ebola virusunun inkubasiya dövrünün xüsusiyyətlərini izah edən Şahvələd Məmmədov xəstəliyin əlamətlərinin müəyyən müddətdən sonra ortaya çıxa biləcəyini bildirib: “Ebola xəstəliyinin inkubasiya, yəni gizli dövrü 2 gündən 21 günə qədər ola bilər. Bu müddətdə xəstədə qızdırma, üşütmə, boğaz ağrısı, əzələ ağrısı, sonrakı mərhələdə isə qanaxmalar müşahidə oluna bilər. Ağır hallarda bədəndə səpkilər də yarana bilər və xəstəlik letallığa, yəni ölümlə nəticələnə bilər”.
Həkim erkən aşkarlama və şübhəli şəxslərin təcrid olunmasının vacibliyini vurğulayıb: “Xəstəliyin erkən diaqnozu, şübhəli şəxsin izolyasiya edilməsi, infeksionist tərəfindən müayinə olunması və infeksionist həkimin nəzarəti altında saxlanılması vacibdir. Erkən diaqnoz bu zaman mümkün ola bilər. Şübhəli şəxs infeksionist həkimin nəzarəti altında qalmalıdır”.
Şahvələd Məmmədov bildirib ki, Afrika ölkələrindən Azərbaycana gələn şəxslərdə bir neçə gün sonra xəstəliyə uyğun simptomlar yaranarsa, tibb müəssisələri tərəfindən müvafiq tədbirlər görülməlidir: “Əgər Cənubi Afrika ölkələrindən şəxs ölkəmizə giriş edibsə və bir neçə gün sonra onda qızdırma, üşütmə və digər simptomlar ortaya çıxıbsa, belə hallarda tibb müəssisələri və aidiyyəti qurumlar məlumatlandırılmalıdır. Şübhəli vəziyyətlərdə həmin xəstələr izolyasiya edilir və karantinə alınır”.
Həkim hesab edir ki, Azərbaycanda əks-epidemik tədbirlərin görülməsi və mövcud nəzarət mexanizmləri nəzərə alındıqda, Ebola virusunun ölkədə yayılma ehtimalı aşağıdır: “Nəzərə alsaq ki, bizim ölkəmizdə əks-epidemik tədbirlər və karantin dövrü müşahidə olunur, güman edirəm ki, ölkəmizdə bunun yayılma ehtimalı çox aşağıdır”.
Nigar Xəlilli
20:30 29.09.2026
Oxunuş sayı: 40