Aİ Suriyaya 51 milyon avroluq yardım ayıracaq
Avropa İttifaqı Suriyanın minalardan və müharibədən qalan partlamamış sursatlardan təmizlənməsi üçün 51 milyon avro ayıracaq.
Crossmedia.az xəbər verir ki, “Reuters” bu barədə məlumat yayıb.
Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Dəməşqə ilk səfəri zamanı bildirib ki, vəsait ərazilərin minalardan təmizlənməsinə yönəldiləcək.
Suriyanın xarici işlər naziri Əsəd əş-Şeybani birgə mətbuat konfransında Brüsseli qüvvədə qalan sanksiyaları ləğv etməyə və ölkənin bərpası üçün əməkdaşlığı genişləndirməyə çağırıb.
Kallas Suriyada sabitliyin Avropanın təhlükəsizliyinin ayrılmaz hissəsi olduğunu bildirib.
Aİ Suriya institutlarına, bank sisteminin inkişafına və investisiya əməkdaşlığına dəstək verməyə hazır olduğunu açıqlayıb. Bununla belə, təhlükəsizlik məsələləri və Bəşər Əsədin keçmiş rejimi ilə bağlı sanksiyalar hələ də qüvvədə qalır.
20:17 29.09.2026
Oxunuş sayı: 36